Yaddaqalan istirahət, tarix və müasirliyə səyahət həvəskarları, qurmanlar və sənətsevər turistlər üçün maraqlı bələdçi
Paytaxtımıza təşrif buyuran xarici qonaqlara, eləcə də ölkə vətəndaşlarına hər yöndən bələdçilik edən, şəhəri bütün gözəllikləri ilə tanıdan “Baku Guide” kataloqunun 2018-ci il fevral buraxılışı nəfis tərtibat, dizayn və yenilənmiş formatda çapdan çıxıb.
İngilis və rus dillərində hazırlanan kataloq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış xüsusi əmtəə nişanı ilə “Baku Guide” MMC tərəfindən nəşr olunur.
Kataloqun bu sayı da maraqlı yazılar, illüstrativ materiallar, diqqətəlayiq məlumatlar, faydalı informasiyalarla zəngindir.
Nəşrin “Bakını kəşf et” bölməsində Azərbaycanın qış marşrutları - paytaxtdan 3-4 saatlıq yol olan Şamaxı, İsmayıllı və Xınalığa (Quba) səyahət, ölkəmizin qış turizmi və ekstremal idman imkanları barədə söhbət açılır, Bakının qış menyusu - mövsümün ləziz milli mətbəx nümunələrindən bəhs olunur. Bölmədə həmçinin gənclərin aktiv istirahəti, balacalar üçün əyləncə mərkəzləri barədə məlumat verilir. “Bakının musiqili axşamları” yazısı milli və xarici musiqilərin müşayiəti ilə nahar və şam etmək istəyənlərə ünvanlanıb.
“Azərbaycan Müasir İncəsənət Muzeyindəki avanqard və ənənələr” yazısı, xalçalarla maraqlı instalyasiya və 3D əsərlər yaradan rəssam Faiq Əhmədin ekspozisiyası haqqında material sənətsevər səyahətçilərin xüsusilə diqqətini çəkəcək. Onlar üçün kataloqun “Sənət və mədəniyyət” bölməsində daha çox informasiya var. Ənənəvi olaraq bu bölmədə ay ərzində paytaxtın mədəniyyət müəssisələrində keçiriləcək tədbirlər, teatrların, muzeylərin, qalereyaların, konsert salonlarının repertuarı yer alır. Bu məlumatları hər bir mədəniyyət və sənət məkanı haqqında yığcam və dolğun tanıtım mətnləri müşayiət edir.
“Yemək və içkilər” bölməsində paytaxtın yerli və dünya mətbəxi nümunələri təklif edən məşhur restoran və kafeləri, bar və pabları barədə informasiyalar, düşbərədən xingala, xaş və pitidən dolmayadək Azərbaycan mətbəxinin ləziz yeməkləri haqqında yazılar verilib.
“Şopinq” bölməsi şəhərimizin həm istirahət, həm ticarət həvəskarı olan qonaqlarına bələdçilik edir. Burada Bakının iri ticarət mərkəzləri, milli suvenirlər və brend mallar təklif edən mağazaları barədə zəruri məlumatlar almaq olar.
Kataloqun “Əyləncə” bölməsində şəhərdəki kino nümayişi məkanları, gecə klubları, müxtəlif sərgilər barədə xəbərdar, eləcə də “Bakı şəhər turu”nun (Baku City Tour) marşrutu ilə tanış olmaq mümkündür.
“Görməli yerlər və tarixi abidələr” bölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə və Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə, şəhərin ultramüasir tikililərini, yeni simvollarını seyr etməyə dəvət edir.
Kataloqun ənənəvi “İnfo-bələdçi” bölməsində turistlər üçün zəruri bilgilər, “ASAN Viza” və “Tax Free” xidməti haqqında informasiyalar, hotellərin, səfirliklərin, turizm informasiya mərkəzlərinin ünvan və telefonları təqdim olunur.
“Baku Guide” bələdçi kataloqunun fevral sayında həmçinin tariximizin qan yaddaşı - 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində yaşanan faciə, erməni qəsbkarlarının törətdiyi qırğın haqqında ingilis və rus dillərində məlumat verilir, Xocalı soyqırımının bəşəriyyətin vicdanında bir qara ləkə olduğu vurğulanır.