O, yaradıcılığı boyu musiqidə milli kolorit və bəşəri dünyagörüşünü bir-birinə üzvi şəkildə uyğunlaşdırmağa müvəffəq olub
   
   Fevralın 5-də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 ili tamam oldu. Böyük sənətkarın doğum günündə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin məzarını ziyarət etdilər. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli anım mərasimində çıxış edərək böyük bəstəkarın Azərbaycan və dünya musiqisi tarixinə töhfələrindən söz açdılar.   
   Həmin gün axşam Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın 100 illiyinə həsr olunan yubiley mərasimi keçirildi. Dövlət və hökumət rəsmilərinin, tanınmış mədəniyyət və elm xadimlərinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə filarmoniyanın foyesində görkəmli bəstəkarın ömür yolundan bəhs edən fotosərgiyə baxdılar. Yubiley gecəsinə ölkənin yaradıcılıq ittifaqlarının təmsilçiləri, Qara Qarayevin yetirmələri, ailə üzvləri, çoxsaylı musiqisevərlər də qatılmışdı. 
   Əvvəlcə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev səhnəyə çıxdı. O, bu yubileyi tarixi hadisə adlandıraraq qeyd etdi ki, Qara Qarayev musiqisi həmişə həyatın mənası barədə, xislətin qadir olduğu mərhəmət və riyakarlıq, sədaqət və xəyanət barədə bizi düşündürüb, bu cəhətləri ilə insanların qəlbinə, düşüncəsinə yol tapıb. Nəsillər dəyişir, Qara Qarayev isə bütün nəsillərin müasiri olaraq qalır. 
   Vurğulandı ki, bəstəkarın baletlərindən, simfoniyalarından kinofilmlərə və teatr tamaşalarına yazdığı bütün musiqilərədək məhsuldar yaradıcılığı boyu müraciət etdiyi müəlliflərin adları artıq çox söz deyir. Qara Qarayevin əsərlərinin siyahısına nəzər saldıqda birinci yerdə Nizami Gəncəvinin adı görünür. Bəstəkar hələ çox gənc ikən xor üçün yazdığı “Payız” əsəri, sonralar “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baleti və “Nizami” filminə yazdığı musiqi ilə sübuta yetirir ki, Nizami humanizmi, böyük şairin ədalət axtarışları, hətta Nizami utopiyası hələ gənc yaşlarından bir insan və sənətkar kimi Qara Qarayevin daxili aləmi ilə həmahəng olub. 
   Qara Qarayev öz yaradıcılığında dünyanın digər nəhəng ədiblərinə də müraciət edib. Ömər Xəyyam, Şekspir, Servantes, Lope de Veqa, Cəlil Məmmədquluzadə… kimi böyük ədiblərin sənət aurası Qara Qarayevin özünün sənət aurası idi. Onun musiqisi həm Şekspir, həm də Mirzə Cəlil dünyasını eyni dərəcədə ifadə edir. Çünki bəstəkarın yaradıcılığı Şərq və Qərb mədəniyyətinin vəhdəti idi. Elçin Əfəndiyev bu fikrini davam etdirərək söylədi ki, millini milli çərçivələr daxilində ifadə etsən, əldə etdiyin uğur məhəlli səciyyə daşıyacaq. Lakin Qara Qarayev öz yaradıcılığı ilə göstərdi ki, millini bəşəri sənətin əldə etdiyi yüksəklikdə ifadə etməklə milli sənət nümunəsinə çevirmək mümkündür. O, bütün yaradıcılığı boyu musiqidə milli kolorit və bəşəri dünyagörüşünü bir-birinə üzvi şəkildə uyğunlaşdırmağa müvəffəq olub. 
   Baş nazirin müavini çıxışının sonunda görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar sərəncam imzaladığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. 
   * * *
   Yubiley gecəsi konsert proqramı ilə davam etdi. Konsert boyu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri səhnədə oldu. 
   Proqramın birinci hissəsində bəstəkarın “Klassik süita”sı və 2 saylı simfoniyası səsləndi. Orkestr hazırda Türkiyədə yaşayıb çalışan dirijor, Azərbaycanın Əməkdar incəsənət xadimi Elşad Bağırovun idarəsi ilə çıxış etdi. Yeri gəlmişkən, bəstəkarın 1966-cı ildə yazdığı “Klassik süita” kamera orkestri üçün nəzərdə tutulsa da, müəyyən alət qruplarını ixtisar etməklə simfonik orkestrin ifasında da öz gözəl səslənişini itirmədi. 
   Qara Qarayevin 5 hissədən ibarət 2 saylı simfoniyası onun 1946-cı ildə yazdığı diplom işidir. Lakin hələ çox cavan bəstəkarın bu əsəri ifadə və təsir gücünə görə onun daha yetkin yaşlarında qələmə aldığı digər əsərlərindən heç də fərqlənmirdi. Düzdür, simfoniyanın səslənişində bəstəkarın digər əsərlərində daha təmkinli çatdırılan nikbinlik və çılğınlıq əsər müəllifinin öz istedadına inanan gənc olduğunu sezdirirdi. 
   Konsertin ikinci hissəsində pult arxasında simfonik orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayev idi. 
   Qara Qarayevin 1967-ci ildə bəstələdiyi violin və simfonik orkestr üçün 3 hissədən ibarət konsertin solo partiyasını gənc musiqiçi, beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev ifa etdi. 
   Səslənən ikinci əsər isə böyük bəstəkarın oğlu Fərəc Qarayev ilə birlikdə 1979-cu ildə yazdığı xor və simfonik orkestr üçün “Qoyya” simfoniyası oldu. Əsəri Xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Xor Kapellası simfonik orkestr ilə birlikdə ifa etdi. 
   Bütün ifaları sürəkli alqışlarla qarşılanan orkestr konsertin sonunda “Yeddi gözəl” baletindən “Vals”la musiqisevərlərin və Qara Qarayev heyranlarının toplaşdığı salona öz minnətdarlığını bildirdi. 
   
   Gülcahan Mirməmməd