İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm nazirlərinin 10-cu konfransında bu barədə qərar qəbul edilib
   
   Fevralın 5-də Banqladeşin Dəkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Turizm nazirlərinin 10-cu konfransı işə başlayıb. Konfransda ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.   
   Səfər çərçivəsində Nazim Səmədov Banqladeşin turizm və mülki aviasiya naziri Şahcəlal Xan ilə görüşüb. Görüşdə Azərbaycanın turizm potensialı, iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair müqavilə-hüquq bazasının yaradılması, qarşılıqlı turist mübadiləsi barədə söhbət aparılıb. Həmçinin Qəbələ şəhərinin 2020-ci il üçün “İslam dünyasının turizm paytaxtı” seçilməsi, İƏT Turizm Koordinasiyası Komitəsinə keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyi, eləcə də “EXPO 2025”ə Bakının namizədliyi ilə bağlı Banqladeş tərəfindən ölkəmizə dəstək ifadə olunub.
   Həmin gün Azərbaycan nümayəndə heyəti Bəhreyn Krallığının sənaye, ticarət və turizm naziri və “Gulf Airline” şirkətinin rəhbəri cənab Əlzəyani ilə görüşüb. Görüşdə iki ölkə arasında turizm üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, 2017-ci ilin 11-12 dekabr tarixində Omanda keçirilən II Dünya Turizm və Mədəniyyət Konfransı zamanı Azərbaycan tərəfinin irəli sürdüyü təklifə əsasən cari ilin yay aylarında Bəhreyndən Azərbaycana birbaşa aviareyslərin açılacağı bildirilib.
   * * *
   Fevralın 6-da Banqladeş Xalq Respublikasının Baş naziri Şeyx Hasina Vazed və İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osayminin iştirakı ilə İƏT Turizm nazirlərinin 10-cu konfransının rəsmi açılışı olub. 
   Baş katib çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişə zonalarındakı İslam irsinin qorunmasının əhəmiyyətini qeyd edib.
   Açılışdan sonra keçirilən sessiyada çıxış edən Nazim Səmədov Azərbaycanın yüksək səviyyəli turizm infrastrukturu, ölkəmizdə turizm sahəsində aparılan islahatlar, İslam ölkələri ilə turizm sahəsində əməkdaşlıq, respublikamızda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. İslam ölkələrindən Azərbaycana turist səfərlərinin sayının 2016-cı ilə nisbətən 2017-ci ildə 34% artması diqqətə çatdırılıb.
   Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfədən, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsindən danışan Nazim Səmədov “EXPO 2025”in keçirilməsi üçün namizəd şəhərlər sırasında Bakının yeganə müsəlman ölkəsi paytaxtı olduğunu vurğulayaraq İƏT ölkələrini bu namizədliyi dəstəkləməyə çağırıb.
   Konfrans çərçivəsində həmçinin Ərəb Turizm Təşkilatının prezidenti Bandar Fahad Əl-Fehaid, Niger Respublikasının turizm və əl işləri naziri Botto Ahmet, Dünya Turizm Təşkilatının Asiya və Sakit okean üzrə Regional Proqramının direktor müavini Harri Hvanq, Banqladeş Turoperatorlar Assosiasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Turizm və Milli İrs üzrə Komissiyası prezidentinin köməkçisi Xalid İ. Əl-Daxil, İordaniya Turizm Şurasının icraçı direktorunun müavini Adel Amin, İranın mədəni irs, əl işləri və turizm nazirinin müavini Said Ohadi və digər iştirakçı ölkə rəsmiləri ilə görüşlər keçirilib. 
   * * *
   İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Turizm nazirlərinin konfransında ölkəmiz üçün əlamətdar olan qərar qəbul olunub.
   Nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakçı ölkələrin nümayəndələri ilə apardığı danışıqlar nəticəsində konfrans zamanı Qəbələ şəhəri 2020-ci il üçün “İslam dünyasının turizm paytaxtı” seçilib. Eləcə də İƏT Turizm nazirlərinin 11-ci konfransının Azərbaycanın sədrliyi ilə Qəbələdə keçirilməsi qərara alınıb. Həmçinin ölkəmiz İƏT Turizm Koordinasiyası Komitəsinə üzv seçilib.
   Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində artıq bir neçə ildir ki, “İslam mədəniyyətinin paytaxtı” ilə yanaşı “İslam dünyasının turizm paytaxtı” da seçilir. 2018-ci ildə bu adı İranın Təbriz şəhəri daşıyır. Ötən il Səudiyyə Ərəbistanının Mədinə şəhəri, 2016-cı ildə Türkiyənin Konya şəhəri “İslam dünyasının turizm paytaxtı” olub.