Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən Asiya və Sakit okean ölkələrinin qida və incəsənət xeyriyyə yarmarkasında (Asia-Pacific Food and Crafits Bazaar) Azərbaycan geniş təmsil olunub. Tədbir Azərbaycan, Çin, Cənubi Koreya, Pakistan, Qazaxıstan, İndoneziya, Banqladeş, Filippin və digər ölkələrin səfirlikləri tərəfindən təşkil edilib.
Ölkəmizin BƏƏ-dəki səfirliyi tərəfindən qurulan pavilyon ziyarətçilərdə böyük maraq doğurub. Burada müxtəlif milli yeməklər və şirniyyatlar, Azərbaycan şirkətlərinin istehsal etdikləri məhsullar, o cümlədən kompot, mürəbbə, çay, həmçinin kəlağayı və digər suvenirlər, çap məhsulları təqdim edilib.
Səfirliyin əməkdaşları ziyarətçiləri Azərbaycan reallıqları barədə məlumatlandırıblar. Pavilyonun qonaqlarına BƏƏ-də və digər ərəb ölkələrində tanınan “Zakher Travel” turizm şirkətinin broşürləri, “İrs” jurnalının nüsxələri və digər çap məhsulları paylanıb.
“Azərbaycan” pavilyonunun təşkilatçısı, ölkəmizin BƏƏ-dəki səfirinin xanımı Ülviyyə Şikarova bildirib ki, diplomatik nümayəndəlik bütün xeyriyyə tədbirlərində, o cümlədən aparıcı Asiya ölkələrinin diplomatik missiyalarının qatıldığı bu aksiyada daim məmnuniyyətlə iştirak edir. Bu tədbirlərdə ölkəmizin zəngin mədəniyyəti, kulinariya ənənələri, xalq musiqisi nümayiş olunur, ictimaiyyətə xalqımızın adət-ənənələri barədə ətraflı məlumat verilir.
Xeyriyyə yarmarkasının mədəniyyət proqramı çərçivəsində aksiyada iştirak edən ölkələrin milli geyimləri nümayiş etdirilib.
Tədbir iştirakçı ölkələrin milli rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb. “Şuşanın dağları” mahnısının sədaları altında rəqs edən Azərbaycanın “Qarabağ inciləri” uşaq rəqs qrupunun ifası qonaqların sürəkli alqışları ilə qarşılanıb.