Bu il Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Yusif Vəliyevin (1917-1980) 95 yaşı tamam olur. İstedadlı aktyorun yaradıcılığı kino və teatr sənətimizdə silinməz izlər qoyub. O öz orijinal ifa tərzi ilə hər iki sahədə mili sənət ənənələrini bacarıqla davam etdirib, onları zənginləşdirib.
   
   Görkəmli aktyor Bakı Teatr Texnikumunda təhsil alarkən Azərbaycan Dövlət Dram Teatrında müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edir. 1936-cı ildə texnikumu bitirdikdən sonra Şəki Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayır. Teatrın səhnəsində C.Cabbarlının əsərlərindən - Aydın (“Aydın”), Oqtay (“Oqtay Eloğlu”), Elxan (“Od gəlini”) kimi parlaq obrazlar yaradır. 40-cı illərin sonunda Şəki teatrı bağlandığı üçün aktyor iş yerini dəyişir, əvvəlcə Azərbaycan Dövlət Rus Dram Teatrında (1949) işləməyə başlayır, sonra Gənc Tamaşaçılar Teatrında (1950-ci ildən) çalışır. Burada “Vaqif” tamaşasında Vaqif, “Yaşar”da İmamyar, “Bəxtsiz cavan”da Hacı Kərim, “Ovod”da Ovod, “Söhrab və Rüstəm”də Rüstəm, “Sirli şəhər”də Mirzə Ələkbər Sabir, “Hacı Qəmbər”də Hacı Qəmbər və s. tamaşalarda faciəvi, romantik, eyni zamanda realistik səpkili rollarda oynayır.
   Yusif Vəliyev 1941-1943-cü illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Görkəmli sənətkar teatr və kinoda qazandığı uğurlara görə 1960-cı ildə Azərbaycanın Əməkdar artisti, 1978-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb.
   Teatrda olduğu kimi, kinoda da Yusif Vəliyevin özünəməxsus yeri var. İlk dəfə kinoya 1955-ci ildə “Bəxtiyar” musiqili filmində kiçik bir rolda - komissiya üzvü rolunda çəkilib. Onun müxtəlif illərdə ekranda yaratdığı Əliağa Şıxlinski (“General”, 1970), Topal Teymur (“Nəsimi”, 1974), Qılınc Qurban (“Tütək səsi”, 1975) obrazları unudulmazdır.
   Rejissor R.Kazımovski “General” televiziya bədii filmini çəkərkən tərəddüd etmədən general Şıxlinski rolunu Y.Əliyevə tapşırdı. Aktyor generalın portretini yaradarkən xarici görünüşündən əlavə yüksək insani keyfiyyətlərini də ön plana çəkib. Onun düşdüyü hər hansı bir şəraitdə təmkinini pozmadığını, alicənablığını, yüksək rütbəli hərbçilərə xas olan məsuliyyət və tədbirliliyini, xarakterindəki ciddiliyi, işində səliqə-sahmanlı olmasını açıq göstərə bilib.
   Filmdə generalın həbs edildiyi maraqlı bir səhnə var. Onun saxlandığı kamerada oğruları və cibgirləri də görürük. Onlar kamerada qumar oynayırlar. Öz aralarında belə şərt kəsirlər ki, kim uduzsa, gedib generalın ayağındakı təzə xrom çəkmələri çıxartmalıdır. İş elə gətirir ki, oğrubaşı uduzur. O, qalxıb generala yaxınlaşır. Bu zaman kamerada olan ikinci ziyalının Ə.Şıxlinski ilə nə barədəsə söhbətinin şahidi olur. Eynəkli adam generala deyir: “Cənab Şıxlinski, siz yanılırsınız, səhv edirsiniz”. Oğru Şıxlinski adını eşidən kimi təəccüblənib öz-özünə deyir: “Necə? Cənab Şıxlinski?” Bu zaman eynəkli adamın əlindən generalın əsəbiləşdiyini görən kimi həmin adama yaxınlaşıb: “Siz də bir az ehtiyatlı olun, cənab dördgöz” - deyərək onu döyməyə başlayır. Digər oğrular eynəkli adamı öldürmək istəyərkən Şıxlinski qoymur. Həmin dəqiqələrdə aktyor Y.Vəliyev generalı istedadlı hərbçi olmaqla bərabər, həm də alicənab insan kimi tamaşaçılara təqdim edir.
   Vaxtilə rejissor H.Seyidbəyli “Nəsimi” filmini çəkməyə hazırlaşarkən Teymurləng roluna aktyor Y.Vəliyevi nəzərdə tutmuşdu. Həmin rola görkəmli aktyor və rejissor A.İsgəndərov da öz namizədliyini irəli sürmüşdü. Lakin o, sınaq çəkilişlərindən sonra materiallara baxarkən Həsən müəllimə demişdi: “Bu aktyor yaxşı oynayır. Teymurləng mən yox, Yusif Vəliyevdir.”
   Filmdə həqiqətən uğurlu aktyor oyunları çoxdur. Onlardan biri də Y.Vəliyevin ustalıqla yaratdığı Teymurləng surətidir.
   1394-cü ilin əvvəllərində, Teymurləngin Bağdad səfərindən Azərbaycana qayıtdığı vaxtlar, bir tərəfdən fanatik xurafat müdafiəçiləri və yerli feodallar, o biri tərəfdən teymurilər hürufilərin, o cümlədən Nəsiminin məhvinə fitva vermişdilər. Filmdə Nəsimi ilə Teymurləngin görüşü, müxtəlif qütblərdə dayanan şairlə dünyanı qılıncı gücünə fəth etməyə çalışan qəsbkarın üz-üzə gəlməsi ən dramatik səhnələrdən biridir.
   Teymurləng böyük sərkərdədir, eyni zamanda zalım hökmdardır. Y.Vəliyev qəhrəmanının psixoloji və fəlsəfi dünyasını tamaşaçılara məhz bu rakursdan təqdim edir. Müəlliflər və aktyor hökmdarı tarixi-fəlsəfi baxımdan məhkum olunmuş kimi göstərirlər. O, təlaş içindədir, ona elə gəlir ki, dünya dağılır, onun fikirləri alt-üst olur. Oğlanları keyfdədir, nəvələri Nəsiminin “kafir” şeirlərini oxuyurlar. Teymurləng sanki özünü faciəvi məhvə məhkum edildiyini düşünür. Ona görə də o öz qəzəbini heç bir günahı olmayan insanlardan çıxır. Teymurləngin iti baxışları, səsindəki amiranəlik, onun axsaya-axsaya gəzməsi aktyor tərəfindən təbii şəkildə təsvir olunub, hökmdarın qəddar təbiətinin bütünlüklə açılmasına imkan verib.
   Yazıçı İ.Hüseynovun ssenarisi üzrə çəkilmiş “Tütək səsi” filmindəki hadisələr II Dünya müharibəsi dövründə kiçik bir Azərbaycan kəndində cərəyan edir. Namus və namussuzluq, amirlik və hüquqsuzluq məsələləri bu filmdə son dərəcə kəskin şəkildə üz-üzə dayanır. Cəbhəyə gedib həlak olan əsgərin dul qalmış arvadı ilə evlənmək istəyən kolxoz sədri Cəbrayılın kənd camaatı arasında qınaq obyektivinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Kolxoz sədrini bu işdə günahlandıranlardan biri də kənd sovetinin sədri Qılınc Qurbandır. 
   

   Qılınc Qurban obrazını yaradan Y.Vəliyevin oyunu həm maraqlıdır, həm də inandırıcıdır. Onun traktovkasında Qılınc Qurban öz kəskin çıxışları ilə heç də pis, daşqəlbli adam təsiri bağışlamır. Bu adam tez-tez mübahisə edir, qarşı tərəfin mühakimələrində ziddiyyət axtarıb tapır, öz fikrini başqalarına qəbul etdirməyə çalışır. Elə bu tünd, mürəkkəb xasiyyətinə görə də kənd ağsaqqalı İsfəndiyar kişi Qılınc Qurbanı danlayır, hadisələrdən tələsik nəticə çıxarmamağı məsləhət görür, səbirli olmağa çağırır. Sənətşünas İ.Rəhimli “Ümidlərin poeziyası” resenziyasında qeyd edir ki, “Tütək səsi”ndəki sərt, qeyrətli, namuslu, el dərdi çəkən və bəzi xırda səhvləri də doğma xalqına məhəbbətdən, torpağına bağlılığından irəli gələn Qılınc Qurban aktyorun sənətdə yeni sözü kimi qeyd oluna bilər...
   Y.Vəliyev çəkildiyi filmlərdə incə psixologizmi, emosionallığı, ifadə vasitələrinin dəqiqliyi ilə seçilən maraqlı obrazlar yaradıb: Şirməmməd (“Sən niyə susursan?”), sərxoş (“İstintaq davam edir”), epizod (“Poçt qutusu”), baş iş icraçısı (“Uşaqlığın son gecəsi”), Səfərəli (“Bir cənub şəhərində”), pristav (“Dəli Kür”), halvaçı (“Qatır Məmməd”), Fəttah (“Arxadan vurulan zərbə”) aktyorun kinoda ifa etdiyi rolların heç də tam siyahısı deyil.
   “Bir cənub şəhərində” filmində böyük şəhərin ucqarında hökm sürən həyatın tragikomik təsviri verilir. Burada böyük cənub şəhərinin məhəllələrindən birində baş verən hadisələrdən söhbət açılır. Bu məhəllənin öz yazılmamış qanunları var. Həbsxanadan yenicə buraxılan Ağabala arvadını yoldan çıxarmış pivə satan Səfərəlinin dərsini verməlidir, yəni onu namus üstündə öldürməlidir. Həmin səhnədə Səfərəlinin - Y.Vəliyevin necə həyəcan keçirdiyinin şahidi oluruq. Ölümünü gözünün qarşısına gətirən Səfərəlinin gözləri bərələ qalıb. Onun ölümqabağı keçirdiyi psixoloji sarsıntılar, onun nə qədər riyakar, rəzil məxluq olduğunu göstərir. Səfərəli rolu epizodik olsa da, aktyorun istedadlı oyunu sayəsində yadda qalıb.
   Y.Vəliyevin “Dəli Kür” filmində kiçik bir epizodda oynadığı pristav rolu da maraqlıdır. Film Moskvada təhvil verilərkən onun finalı, məhz Y.Vəliyevin iştirakı ilə çəkilmiş epizod məcburən dəyişdirilib. Əvvəlki finalda pristavın - Y.Vəliyevin göstərişi ilə kazaklar Cahandar ağaya məxsus qoruğun böyük bir hissəsini ölçüb Qafqaz canişini üçün ayırırlar. Bunu görən Cahandar ağa ağacın dibində uzanmış pristava buradan rədd olub getməsini əmr edir. Bu zaman pristav: “Deyəsən, könlündən Sibir keçir, dəli müsəlman” deyib onu vurmaq istəyərkən Cahandar ağa pristavı qabaqlayıb onu güllələyir. Həmin epizodda Y.Vəliyev çar məmurunun rolunu o qədər təbii oynayır ki, onun ifası, hirsindən qan çəkmiş gözləri, sifətinin haldan-hala düşməsi və gərgin vəziyyətdə olması tamaşaçının yaddaşında həkk olunur.
   Aktyorun “Arxadan vurulan zərbə” psixoloji detektivində yaratdığı Fəttah dayı - Qurd Cəbrayıl obrazı onun kinoda ən uğurlu işlərindən biridir. Bu filmdə aktyor qəhrəmanının bir-birindən fərqli ikili simasını ustalıqla ifa edir. Birinci halda qoca Fəttah ətrafındakılara qarşı çox qayğıkeşdir, üzüyola insandır. Lakin onun mehriban siması, yumşaq baxışları aldadıcıdır. Vaxtilə quldurluq edən, Qurd Cəbrayıl kimi ad çıxarmış Fəttah dayı onu tanıyacaq adamı görcək daxilindəki vəhşi təbiəti baş qaldırır və şahidi ortadan götürməyə çalışır. Bu halda da aktyor ifrata varmır, artıq jestlərə, hərəkətlərə yol vermir. Düşmənini görəndə Fəttah dayı daxilən dəyişir, əvvəlki maskalanmış simasını itirir.
   Ümumiyyətlə, Y.Vəliyev kinoda baş rollarda az çəkilib. Halbuki o, ən koloritli aktyorlardan biri idi. O, ifa etdiyi rollarda təkrarolunmaz səsi, bənzərsiz oyunu ilə seçilir. Bu aktyoru ekranda görən, səsini eşidən heç vaxt onu unutmur.
   Yusif müəllimin sənət dünyasında səs, aydın diksiya, danışıq tembri xüsusi yer tutur. Bir çox filmlərin Azərbaycan dilinə dublyajı onun səsləndirdiyi rollar sayəsində xüsusilə uğurlu alınıb. Bundan başqa o, bir sıra Azərbaycan filmlərində də nəinki xarici, hətta yerli aktyorları peşəkarcasına, mükəmməl və dəqiqliklə səsləndirir. “Bizim küçə” filmində Lars, “Sehrli xalat”da İo-Kio, “Dağlarda döyüş”də Sərxan, “Həyat bizi sınayır”da Sadıq, “Möcüzələr adası”nda Cabbar, “Dədə Qorqud”da Bayandur xan, “Əhməd haradadır?”da Şirin kişi və s. obrazlar Y.Vəliyevin səsi ilə danışırlar. Bir aktyorun oyunu ilə digər aktyorun obrazlı danışığının üst-üstə düşməsi heç də asan məsələ deyil. Yalnız dublyaj edənin peşəkarlığı sayəsində həmin obraz baxımlı olur. Məsələn, “Axırıncı aşırım” filmində A.İsgəndərov Kərbəlayı İsmayıl rolunda çəkiləndən sonra rejissor K.Rüstəmbəyovdan xahiş etmişdi ki, onun yaratdığı obrazı Yusif Vəliyev səsləndirsin. Nəticədə bu surət bütün əzəməti ilə ekranda canlandı...
   Azərbaycanın Xalq artisti Yusif Vəliyev xalqımızın sevimli sənətkarı idi. Həmkarları, sənətsevərlər onun adını bu gün də hörmətlə çəkirlər. Onun adı milli teatr və kino tarixinə qızıl hərflərlə yazılıb.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar