Parisin birinci rayonunda yerləşən “Le Duc des Lombards” caz klubunda Azərbaycanın Əməkdar artisti Şahin Növrəslinin solo konserti olub. Musiqiçi konsertdə “Shahin Novrasli Quartet” və “Emanation” disk-albomlarından öz bəstələrini və “Segah”, “Bayatı-Şiraz” kimi caz-muğamlarını səsləndirib.
Cazmenin öz kompozisiyaları və Azərbaycan musiqisinin variasiyalarından ibarət ifası, improvizasiyaları auditoriyada böyük rəğbət doğurub. Tamaşaçılar azərbaycanlı cazmeni sürəkli alqışlarla yenidən səhnəyə dəvət ediblər.
Konsertdən sonra sənətsevərlərin cazmenin disklərini almaq imkanı olub. Şahin Növrəslinin “Emanation” adlı ikinci disk-albomu amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın birgə prodüserliyi ilə Parisdə yazılıb. Onun dəvəti ilə artıq bir neçə aydır yeni disk-albomlarının hazırlanması məqsədilə Parisdə olan Şahin Növrəslinin burada silsilə konsertləri gözlənilir.