Sumqayıt şəhər “Kimyaçılar” Mədəniyyət sarayında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən şəhər musiqi və incəsənət məktəblərinin müəllimlərindən ibarət Xalq çalğı alətləri orkestrinin və Xor kollektivinin təqdimatı keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, millət vəkilləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təqdimat konsertində yeni yaradılan musiqi kollektivləri ilə yanaşı səhnəni Xalq artisti Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova, Təyyar Bayramov, Ehtiram Hüseynov da bölüşüblər.
Konsert proqramı orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Fəhmin Əhmədli və xorun ifasında Səid Rüstəmovun “Sumqayıt”, İbrahim Fərzəliyevin ifasında Vasif Adıgözəlovun “Xoşum gəlir” mahnıları səslənib. Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov xorla birlikdə “Qara qız” xalq mahnısını oxuyub, həmçinin “Laçın”, “Gözəlim sənsən” xalq mahnıları (Ülviyyə Quliyeva, Səməd Xasıyev), Bəhram Nəsibovun “Qarabağ” (Pərviz Qasımov), Səid Rüstəmovun “Oxu, gözəl” (Gülzar Fərəcova, Vüqar Əliyev) mahnıları ifa olunub.
Əməkdar artist Təyyar Bayramovun ifasında Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” mahnısı, Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifasında Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Şəfiqə Axundovanın “Mehriban olaq” (xorun müşayiəti ilə) mahnısı, Təyyar Bayramov, Pərviz Qasımov, Gülzar Fərəcovanın ifasında “Qarabağ şikəstəsi”, Əməkdar artist Rauf Ağakişiyevin ifasında Məmməd Arazın “Azərbaycan” şeiri (tarla müşayiət), Emin Sabitoğlunun “Azərbaycan” mahnısı (solistlər və xor) da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, orkestrin bədii rəhbəri və dirijoru Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov, xor kollektivinin bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Lətafət Müfidzadə, dirijoru Əməkdar müəllim Firəngiz Xəlilovadır.