Fevralın 26-da Bakıdakı Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək.
Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun “Xocalı 613” simfonik poeması təqdim olunacaq.
Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Qeyd edək ki, Pyer Tiloyun “Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə həsr olunub.
Əsər Qərb klassik musiqisi və “Laçın”, “Sarı gəlin” mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. Simfonik poemanın premyerası 2013-cü il fevralın 21-də Parisdə keçirilib. Daha sonra London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin və Oslo şəhərlərində təqdim olunub.
Heydər Əliyev Mərkəzindəki konsert proqramında, həmçinin görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik qravürlərindən “Səyahət” fraqmenti, amerikalı bəstəkar Samuel Barberin “Adajio” əsərləri səslənəcək.