Qaliblər “Muğam aləmi” Beynəlxalq Muğam Müsabiqəsində iştirak etmək hüququ qazanacaq
   
   Fevralın 19-da Azərbaycan Milli Konservatoriyasında (AMK) xanəndə və instrumental ifaçılıq üzrə V Respublika Muğam Müsabiqəsinin açılışı oldu. Ənənəvi müsabiqə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi və Təhsil Nazirliyi, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilir. 
   Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxışı zamanı iştirakçıları təbrik edərək hər birinə uğurlar arzuladı. Bildirdi ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan musiqisi mədəniyyətimizi bəzəyən və qədim muğamı özündə əks etdirən möhtəşəm əsərlərlə zəngindir. Artıq 10 ildir ki, keçirilən muğam müsabiqələrinin başlıca məqsədlərindən biri bu ulu sənətin layiqli gənc ifaçılarını axtarmaq, onların istedadını, potensialını üzə çıxararaq yaradıcılıq yollarında dəstək olmaqdır: “Qloballaşan dünyada milli dəyərlərimizin əhəmiyyətinin gündən-günə artması və bu sahədə sürətli inkişaf bizdən fəallıq və yeni yanaşmalar tələb edir. Dövlətimizin muğamın qorunması və inkişafı istiqamətində son illər gördüyü işlər yalnız heyrət doğurur. Milli Konservatoriyanın yaradılması, onun ən müasir və yüksək səviyyəli şəraitlə təmin edilməsi istedadlı gənc musiqiçilər nəslinin formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, bu gün çoxsaylı gənc musiqiçi muğam müsabiqəsində yarışmaq əzmindədir. Əminəm ki, müsabiqə çərçivəsində səmərəli iş aparılacaq, yeni adlar parlayacaq”. 
   Rektor bildirdi ki, 6 gün davam edəcək müsabiqədə 36 iştirakçı (15 xanəndə, 21 instrumental ifaçı) mübarizə aparacaq. Fevralın 24-də qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək. Hər iki bölmə üzrə ayrı-ayrılıqda ilk 3 yeri (6 ifaçı) tutan iştirakçılar martın 7-dən 15-dək Bakıda keçiriləcək “Muğam aləmi” Beynəlxalq Muğam Müsabiqəsində iştirak etmək hüququ qazanacaqlar. 
   Daha sonra müsabiqə ilk olaraq xanəndələrin çıxışları ilə öz işinə başladı. İlk gün fasilələrlə həm xanəndə, həm də instrumental ifaçıların dinləmələri ilə davam etdi. 
   Qeyd edək ki, müsabiqənin xanəndə nominasiyası üzrə münsiflər heyətinin sədri Xalq artisti Arif Babayevdir. Heyətə xalq artistləri Əlibaba Məmmədov, Aygün Bayramova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə və Əməkdar incəsənət xadimi Aqil Məlikov daxildir. İnstrumental ifaçıları isə Xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Ağa Cəbrayıl Abasəliyev, Fəxrəddin Dadaşov, əməkdar artistlər Şirzad Fətəliyev, Malik Mansurov, əməkdar müəllimlər Ramiz Əzizov və Malik Quliyevdən ibarət münsiflər heyəti seçəcək.
   
   Lalə Azəri