Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş tədbir keçirildi. 
   Bəstəkarın mahnılarından ibarət videoslaydın nümayişindən sonra çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirdi ki, dövlət başçısının sərəncamı ilə Elza İbrahimovanın yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Vurğulandı ki, görkəmli bəstəkar ömrünün 50 ildən çoxunu musiqi sənətinə həsr edib. Bənzərsiz yaradıcılığı ilə musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb. 
   Muzeyin şöbə müdiri Xanım Abdinova diqqətə çatdırdı ki, bəstəkarın musiqinin müxtəlif janrlarında yazdığı əsərlər arasında simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri, incə ruhlu lirik mahnıları xüsusi yer tutur. Onun bütün əsərləri dərin məzmunu, yüksək bədiiliyi ilə seçilir. 
   Bəstəkarın qardaşı Çingiz İbrahimov çıxış edərək tədbirin təşkilinə görə təşəkkürünü bildirdi. O, Elza İbrahimovanın yubileyi münasibətilə nəşr olunan “Mahnılar” kitabını və diski muzeyə hədiyyə etdi. 
   Tədbir muzeyin Qədim musiqi alətləri ansamblının müşayiəti ilə incəsənət ustalarının ifasında bəstəkarın mahnılarından ibarət konsert proqramı ilə davam etdi. 
   
   Lalə