Azərbaycan
21 fevral 1906 - Kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosunda dəyərli yeri olan ekran əsərlərinə - “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.
21 fevral 1921 - Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (1921 - 20.12.2014) Xızıda, yazıçı Seyid Hüseyn və şairə Ümgülsümün ailəsində anadan olub. Xurşudbanu Natəvanın portreti, “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. tabloların müəllifidir.
21 fevral 1921 - Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.
21 fevral 1997 - Tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 - 1997) dünyasını dəyişib. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.
22 fevral 1869 - Görkəmli yazıçı, dramaturq, jurnalist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri ("Ölülər", “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
22 fevral 1898 - Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.
22 fevral 1917 - Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
22 fevral 1924 - Bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924 - 21.1.2000) Şuşada doğulub. «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının, mahnıların müəllifidir.
23 fevral 1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909-20.11.1983) Gəncədə anadan olub.
23 fevral 1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 - 23.5.1987) Şuşada doğulub. Milli Dram Teatrının rejissoru, Musiqili Teatrın, Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru olub. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.
23 fevral 1927 - Xalq artisti, Prezident təqaüdçüsü Roza Heydər qızı Cəfərxanova Ordubad rayonunda anadan olub. 1948-ci ildən Naxçıvan teatrında fəaliyyət göstərib.
23 fevral 1928 - Coğrafiyaşünas alim, akademik Budaq Əbdüləli oğlu Budaqov (1928 - 1.11.2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub. Toponimika, landşaftşünaslıq və s. sahələr üzrə tədqiqatların müəllifidir.
23 fevral 1938 - Tarix elmləri doktoru, etnoqraf Qəmərşah Cavadov (1938-2005) Quba rayonunun Aydınkənd kəndində anadan olub.
23 fevral 1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.
23 fevral 2003 - Xalq artisti Həsənağa Turabov (24.3.1938 - 2003) vəfat edib. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, "Dantenin yubileyi", “Nizami”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filminə quruluş verib, filmlərin səsləndirilməsində iştirak edib.
Dünya
21 fevral Beynəlxalq ana dili günüdür (International Mother Language Day). 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.
21 fevral 1906 - Rus boyakarı, qrafik, kitab illüstrasiyasının tanınmış ustası, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.
21 fevral 1925 - Amerika kinorejissoru, vestern janrının tanınmış simalarından biri Sem Pekinpa (David Samuel "Sam" Peckinpah, 1925-1984) anadan olub.
22 fevral 1788 - Alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.
22 fevral 1810 - Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810-17.10.1849) anadan olub. Bəzi mənbələrdə doğum tarixi 1 mart göstərilir. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.
23 fevral 1685 - Alman bəstəkarı Georq Hendel (George Frideric Handel; 1685-1759) anadan olub.
23 fevral 1873 - Gürcü bəstəkarı, musiqişünas-etnoqraf Dmitri İqnatyeviç Arakişvili (1873 - 13.8.1953) anadan olub. İlk gürcü operasının (“Şota Rustaveli haqqında rəvayət”) müəllifidir.
23 fevral 1878 - Polyak əsilli görkəmli rus abstraksionist rəssamı Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub.
23 fevral 1878 - Tatar yazıçı-publisisti Qayaz İsxaki (1878-22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub. Sovetləşmədən sonra Almaniyada, sonra Türkiyədə yaşayıb, orada vəfat edib.
23 fevral 1889 - Amerika rejissoru Viktor Fleminq (Victor Fleming, 1889-1949) anadan olub. “Küləklə sovrulanlar” filminə görə “Oskar” mükafatı alıb.
23 fevral 1944 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944-2009) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Mənim nəvazişli zərif heyvanım”, “Məşuq”, “Çar” və s.
Hazırladı: Vüqar Orxan