Azərbaycan
   
   24 fevral 1864 - Mütəfəkkir, yazıçı, şair, rəssam, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat», «Kaspi» qəzetlərinin, «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
   24 fevral 1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
   24 fevral 1934 - Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir. 
   24 fevral 1933 - Aktyor Bahadur Əliyev (1933-2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz” (Qədir), “Böyük dayaq”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
   24 fevral 1956 - Xalq artisti, müğənni Səkinə Qulu qızı İsmayılova anadan olub. Muğam operalarında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları ifa edib.
   
   25 fevral 1910 - Tanınmış rəssam Rüstəm Məmməd oğlu Mustafayev (1910 - 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. «Koroğlu» operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.
   
   26 fevral 1926 - Bakıda I Beynəlxalq türkologiya qurultayı açılıb. Türk xalqları tarixində mühüm mədəni hadisə olan qurultay martın 6-dək davam edib. 
   26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində dəhşətli qətliam baş verib. Fevralın 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Xocalı soyqırımı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.

   Dünya
   
   24 fevral 1463 - İntibah dövrünün italyan mütəfəkkiri Covanni Piko della Mirandolla (Giovanni Pico della Mirandola, 1463-1494) anadan olub. 
   24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıblar.
   24 fevral 1906 - Kinorejissor, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906-1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib.
   
   25 fevral 1707 - İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni, 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb. “Mehmanxana sahibəsi”, “İki ağanın bir nökəri”, “Senyor Todero-xuliqan” əsərləri Azərbaycanda tamaşaya qoyulub.
   25 fevral 1841 - Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir, 1841-1919) anadan olub.
   25 fevral 1871 - Ukrayna ədəbiyyatının klassiki, yazıçı və şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka; 1871-1913) anadan olub.
   25 fevral 1907 - Türk yazıçısı və şairi Səbahəddin Əli (1907 - 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların, “Leylim ley”, “Aldırma, könül” kimi mahnıların sözlərinin müəllifidir.
   
   26 fevral 1564 - İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe, 1564-1593) anadan olub. 
   26 fevral 1802 - Fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo, 1802 - 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» və s. romanların müəllifidir.
   26 fevral 1892 - Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə Bakıya gəlib, Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. Azərbaycanda violonçel məktəbinin yaradıcılarından biri olub. Oğlu Mstislav Rostropoviç Bakıda (1927) doğulub. 1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb. 
   
   Hazırladı: Vüqar Orxan