Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib.
Mərasim Azərbaycanın dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BXA-nın rektoru, professor Timuçin Əfəndiyev çıxış edərək Xocalı soyqırımı haqqında danışıb, erməni silahlı dəstələri tərəfindən Xocalıda dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, girov götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Tədbirdə akademiyanın tam orta məktəbinin şagirdləri, orta ixtisas (kollec) pilləsinin, eləcə də bakalavr və magistr pilləsinin tələbələri Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər, “Ağla, Şuşam, ağla”, ”Qərənfil” milli rəqslərini, “İki qəlbin dastanı” baletindən parçalar ifa ediblər.
Daha sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirin sonunda BXA tələbələrinin Xocalı soyqırımını əks etdirən rəsm əsərlərinin sərgisi keçirilib.