Bir əsərin tarixçəsi 
   
   Azərbaycan təsviri sənət tarixində rəssam və heykəltəraşların ərsəyə gətirdikləri elə əsərlər var ki, onların öz yaradıcılarının həyatında ölçüyəgəlməz rolu olmuşdur. Səttar Bəhlulzadənin “Qudyalçay sahili”, Qəzənfər Xalıqovun “Nizami Gəncəvinin portreti”, Mikayıl Abdullayevin “Axşam”, Tahir Salahovun “Növbədən qayıdanlar”, Toğrul Nərimanbəyovun “Muğam”, Ömər Eldarovun “Xurşudbanu Natəvan”, Fuad Əbdürrəhmanovun “Nizami Gəncəvinin abidəsi”, Ələkbər Rzaquliyevin “Köhnə Bakı” və digərləri belə əsərlərdəndir. Sonralar həm də neçə-neçə tələbəsinə belə əsərlər yaratmaq vərdişləri aşılaya bilməsi ilə adını sənət tariximizdə əbədiləşdirən Əzim Əzimzadənin (1880-1943) də həyatında belə bir əsər olmuşdur. Rəssamın Şərqdə ilk satirik jurnal sayılan “Molla Nəsrəddin”də çap olunan “İrşad”ın müştərisi” (1906) karikaturası onun ilk yaradıcılıq nümunəsi olmaqla, həm də gələcək uğurlarına yol açan əsər sayılır. 
   Əzim Əzimzadəni yuxarıda adlarını çəkdiyimiz sənət korifeylərimizdən fərqləndirən cəhətlərdən biri və bəlkə də ən başlıcası 26 yaşlı gəncin rəssamlıq sahəsində xüsusi təhsil almaması olmuşdur. Ona ayrılan 63 illik ömür payının bilavasitə ruhunun daşıdığı “xüsusi missiya”nın gerçəkləşdirilməsi ilə bağlı olduğunu yaratdıqları ilə təsdiqləyən Əzim Əzimzadənin milli sənət tariximizdə “Rəssamlığımızın Sabiri” adını qazanması, yəqin ki, əldə edə bildiyi bütün mükafatlardan üstün sayılmalıdır...
   Bu yerdə həm “Molla Nəsrəddin”i, həm də onun səhifələrində Əzim Əzimzadəyə öz yaradıcı potensialını sərgiləməyə imkan verməsini zaman şərtləndirmişdi, desək, həqiqəti söyləmiş olarıq. Doğrudan da, 1906-cı il aprelin 7-dən nəşrə başlayan və müsəlman Şərqində ilk satirik jurnal olan “Molla Nəsrəddin”in zamanında sərgilədiyi sərt tənqidi münasibətində ətrafında müşahidə olunan əyintilərin aradan qaldırılmasına, bir çox hallarda qəflət yuxusunda olduğunu nümayiş etdirən millətinin nümayəndələrini “oyatmağa” yönəli böyük istək vardı. Jurnalın ilk sayının üz qabığında yuxuya getmiş bir dəstə müsəlmanın təsvirində və ikinci səhifəsində yer alan “Sizi deyib gəlmişəm” məqaləsi də vurğuladığımız niyyətin aydınlığının ədəbi-bədii ifadəsi idi. Əslində, bu jurnal gündəlik çörəkpulunu daşdan çıxarmağın hər üzünü görməklə baş-başa qalan, buna baxmayaraq gözəllik aşiqi olmaq istəyinin gerçəkləşməsini həyatının mənası hesab edən gənc Əzim Əzimzadənin də ömür yolunda “yaşıl işıq” yandıran xilaskar sayıla bilər. O, “Molla Nəsrəddin”in 7-ci sayında çap etdirdiyi “İrşad”ın müştərisi” əsəri ilə çoxdan ruhunda gəzdirdiyi yaratmaq istedadını əyaniləşdirmiş-ictimailəşdirmiş oldu. Bununla da Azərbaycanda karikatura janrının yaradıcıları olan əcnəbi O.Şmerlinq, İ.Rotter və B.Telinqatorun (Beno) sırasına milli rəssam adını da qatmış oldu...
   Rəssamın ilk yaradıcılıq nümunəsinin ərsəyə gəlməsinin maraqlı tarixçəsi var.
   Sənətşünas M.Nəcəfov həmin dövrü 1973-cü ildə rəssam haqqında nəşr etdirdiyi monoqrafiyada belə şərh edir: “1906-cı ildə Tiflisdə nəşrə başlamış “Molla Nəsrəddin” hələ ilk nömrələrindən Bakıda geniş yayılmışdı. Gənc Əzim Əzimzadə jurnalın ilk oxucularından idi. Şəkil çəkməyə böyük həvəsi olduğundan o, “Molla Nəsrəddin”in karikaturalarına böyük maraq göstərirdi. O vaxtlar Ələkbərov qardaşlarının dəyirmanında xidmət edən Əzimi “Molla Nəsrəddin”ə yaxınlaşmaq fikri rahat buraxmırdı. Təsadüfən onun diqqətini jurnalın 5-ci nömrəsində (1906) “Qafqaz xəbərləri” başlığı altında verilmiş bir felyeton və həmin felyetonun sonunda verilmiş xüsusi qeyd cəlb edir. Felyetonda “İrşad” qəzetinin müştərisi - bir dövlətmənd Bakı taciri məsxərəyə qoyulurdu. Felyetonun axırında bu cümlələr yazılmışdı: “Həmin xəbəri nəqqaşımız ittifaqən eşidib möhtərəm Hacıya yeddi manat təklif edir ki, onu bir daha ziyarət etsin. Nə qədər fikirləşdik, heç cürə başa düşə bilmirik ki, nəqqaşımızın xəyalı nədir?” Gənc Ə.Əzimzadə “Molla Nəsrəddin”in arzusunu düzgün başa düşmüşdü: jurnala dövlətmənd Bakı tacirinin karikaturası lazım idi. Bakı dövlətlilərini yaxşı tanıyan Əzimzadəyə həmin şəxsin kim olduğunu öyrənmək çətin deyildi. Yəqin ki, bu işdə həvəskar rəssama “İrşad” qəzetinin əməkdaşları da kömək edə bilərdilər. İki həftədən sonra “Molla Nəsrəddin”in növbəti nömrəsində “İrşad”ın müştərisi” (1906, ¹7) - Hacı Aslan Aşurovun karikaturası çap olunmuşdu. Bu şəkli Ə.Əzimzadə çəkib Tiflisə göndərmişdi. Şəklin altında Əzimzadənin imzası verilməmişdir. Güman etmək olar ki, bunu redaksiya, rəssamın adını gizli saxlamaq məqsədilə etmişdi. Cəlil Məmmədquluzadə çox yaxşı bilirdi ki, Hacı Aslan Aşurov kimi bir şəxsi açıqdan-açığa məsxərəyə qoymaq gənc rəssamın həyatını təhlükə altına qoya bilərdi. Bundan əlavə, jurnalın rəssamı Oskar İvanoviç Şmerlinq hələ gənc və təcrübəsiz bir rəssam olan Əzimzadənin ilk şəklinə “əl gəzdirmədən” onu litoqrafiyada çap etdirə bilməzdi.
   “İrşad”ın müştərisi” karikaturasının “Molla Nəsrəddin”də çap olunması gənc Əzimzadənin hədsiz sevincinə səbəb olur. Bundan sonra o, jurnalı daha diqqətlə oxuyur, onun şəkillərinə daha artıq maraq göstərir, arabir karikatura çəkib Tiflisə göndərirdi”.
   “İrşad”ın müştərisi” Ə.Əzimzadənin yaradıcılığının başlanğıcı olmaqla yanaşı, eyni zamanda böyük sənətkarın “Molla Nəsrəddin” jurnalında dərc olunan ilk əsəri kimi də bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Məhz bu fakta, eləcə də 1906-cı ildə jurnalda rəssamın dərc olunan digər karikaturalarına əsaslanaraq biz tam əminliklə deyə bilərik ki, Əzim Əzimzadə “Molla Nəsrəddin”in ilk rəssamlarından biri olmuş, jurnalla ilk günlərdən əməkdaşlıq etmişdir. 1927-ci ilin mayında rəssamın yaradıcılığının 20 illik yubileyi keçirilən zaman “Molla Nəsrəddin” redaksiyası yubilyara təbrik məktubu ilə birlikdə “İrşad”ın müştərisi” adlı rəsmini yenidən jurnalda vermiş və həmin şəklin Əzim Əzimzadə tərəfindən çəkildiyini Cəlil Məmmədquluzadə özü təsdiq etmişdir. Böyük ədib azərbaycanlı sənətkarın jurnaldakı uzunmüddətli fəaliyyətini çox yüksək qiymətləndirərək ona ünvanlandığı təbrik məktubunda bu sözləri yazmışdır: “Gərək bunu bilmək ki, mən özüm fitrətən həmişə gurultulu nümayişlərdən uzaq olmuşam. O dərəcəyə kimi ki, mənim özümə aid olan yubileyləri qəbul etməmişəm və lakin buna baxmayaraq, yenə sizin yubiley axşamı bir tovr özümü oraya süründürdüm və burada da mənimki gətirmədi. O yerdə ki, səni qoltuqlayıb səhnəyə aparırdım zalım oğlu “dərviş” yoldaşımın zoru ilə səni mənim əlimdən aldı.
   Digər tərəfdən də müzəyyən surətdə cildə verdiyimiz “Molla Nəsrəddin” məcmuəsi hədsiz tətillərin bərəkətindən öz vaxtında hazır olmadı və yubiley axşamı əlimizi boş qoydu. Sən gərək inanasan. Mən ikiüzlülüyü bacaran deyiləm və sənin bu bayramına səmimi qəlbdən şərikəm və özümü borclu bilirəm yenə, dəfələrlə bu birinci nömrədən başlayıb sənin xidmətini məcmuəmiz vasitəsilə meydana qoyam və iyirmi il bundan əqdəm bizdə iştirakını orada qeyd edəm. Sənin qoca yoldaşın, Cəlil Məhəmməd Quluzadə, “Molla Nəsrəddin” məcmuəsinin həmişəki müdiri və baş mühərriri (Bakı, 7 may, 1927).
   Yeri gəlmişkən qeyd edək ki, Cəlil Məmmədquluzadənin redaksiya adından Ə.Əzimzadəyə bağışladığı “Molla Nəsrəddin” komplekti bu günə kimi rəssamın ev-muzeyində qorunub saxlanılır.
   Beləliklə, biz bu faktı əsas götürərək əminliklə deyə bilərik ki, rəssamın yaradıcılığının başlanğıcını məhz “Molla Nəsrəddin”dəki “İrşad”ın müştərisi” karikaturası təşkil edir. Bununla belə, demək lazımdır ki, “Molla Nəsrəddin”in inqilaba (1917) qədər nömrələrində onun imzası olan heç bir rəsmə rast gəlinmir. Ona görə də 1940-cı ildə rəssamın 60 illik yubileyi münasibətilə Bakıda sərgisinin təşkili zamanı ondan bu məsələyə aydınlıq gətirməsini - inqilabdan əvvəl “Molla Nəsrəddin” jurnalı üçün çəkdiyi şəkilləri göstərməyi xahiş etmişdilər. O zaman Əzim Əzimzadə jurnalın 1906-cı il komplektini vərəqləyib, imzasız bir neçə şəklin altında və habelə O.Şmerlinqin imzası olan bir neçə karikaturanın kənarında öz imzasını qoymuşdur. 1940-cı ildən sonra görkəmli sənətkar haqqında məqalə və oçerk yazan sənətşünaslar V.Çepelev, Y.Kozin, A.Qazıyev, K.Kərimov, M.Nəcəfov rəssamın qeydlərinə əsasən “İrşad”ın müştərisi”, “Cənab Vitte”, “Millət dərdi çəkməkdən əriyib çöpə dönən müsəlman dövlətlisi” və s. bu kimi karikaturaların Ə.Əzimzadə tərəfindən çəkildiyini qeyd etmişlər. Əlavə edək ki, zamanında bu karikaturalar O.Şmerlinqin imzası ilə dərc olunmuşdur. Bu məsələyə sənətşünas A.Qazıyevin rəssam haqqında yazdığı monoqrafiyada (1953) belə izahat verilmişdir: “O zamanlar jurnalın şəkilləri litoqrafiya üsulu ilə çap edilirdi, şəkillərin litoqrafiya daşına keçirilməsi isə, müəyyən əməliyyat tələb edirdi. Buna görə də başqalarının orijinallarını daşa keçirmək üçün hazırlayan rəssamın onları imzalamasına ixtiyar verilirdi. Ə.Əzimzadənin “Molla Nəsrəddin” jurnalının səhifələrində dərc edilmiş ilk şəkilləri üzərində Şmerlinqin monoqramması - “O.Ş.” hərflərinin yazılması da bununla izah edilir”. 
   Hər halda Əzim Əzimzadənin özünün bu məsələdə son sözünü deməsinə əsasən həmin mübahisəli karikaturaların onun fırçasına məxsus olduğunu söyləmək olar...
    
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri