Əslində vətəndaşlıq kəlməsinin anlamı çoxdur. Nədənsə ilk eşidilişdə bu kəlmə sırf hüquqi anlayış kimi qəbul edilir. Amma biz bu gün vətəndaşlıq kəlməsinin insan həyatının və düşüncəsinin daha geniş, daha dərin qatlarını əhatə edən tərəfinə toxunacağıq. Üstəlik, total informasiya savaşının, həyatımızın hər anına, hər sahəsinə nüfuz edən yad bilgi və dünyagörüşləri seli qarşısında bizi çarəsiz olmağa, acizləşməyə qoymayacaq Vətəndaşın Mənəvi Tərbiyəsinin ilk baxışda nəzərə çarpmayan aspektlərindən söz açacağıq. 
   Bu yazının ilk abzasını oxuyub hövsələsi tükənənlər qəzetin səhifəsini çevirə, yaxud internetdə daha cəlbedici ifadələrlə oxucu toplamağa hesablanmış yazılara baxa bilərlər. Yalnız bircə şərtimiz var: əgər azyaşlı övladınız varsa, ya da işiniz bilavasitə uşaqlar və yeniyetmələrlə bağlıdırsa, onda hövsələnizi basın. Bu yazı sizə ünvanlanıb.
   * * * 
   Müdriklərdən biri deyib ki, övladınıza xərcləyə biləcəyiniz pulun məbləğini iki dəfə azaldın, ona ayıra biləcəyiniz vaxtı isə iki dəfə artırın. Maraqlı yanaşmadır, elə deyilmi? Bəs biz necə hərəkət edirik? 
   Gəlin, mücərrəd suallarla özümüzü yormadan, ümumi cavablarla uzunçuluq etmədən konkret nümunə ilə sözümüzə davam edək. 
   
   Ailənin mövqeyi
   
   ...Səkinə ilə Vüqar 15 ildir ki, evlidirlər. İki övladları var: 13 yaşlı Nigar və 11 yaşlı İlqar. Hər iki valideyn işləyir. Vüqarın özü demişkən, nə gecəsi var, nə gündüzü, nə şənbəsi var, nə də bazarı. Səkinə ona baxanda şükürlüdür. Heç olmasa, axşam saat altıdan sonra evdədir, həftəsonu da işləmir. Artıq özlərinə qulluq göstərə biləcək yaşda olmasına baxmayaraq, uşaqların dayəsi var (?). Qəribədir? Valideynlər bunun səbəbini belə izah edirlər: vaxtımız yoxdur, işləyirik axı! Uşaqlar dərsdən gələndən sonra mütləq evdə onların qarşısına isti xörək qoyan (?), tökdüklərini yığan (?), ev tapşırıqlarını yerinə yetirmələrinə, fənn hazırlığına vaxtında gedib-gəlməyinə nəzarət edən bir nəfər olmalıdır. Valideynin narahatlığını, hələ yeniyetmə çağından övladlarının müstəqil həyatda ayaq üstə durmalarını düşünməyini alqışlamaq lazımdır. Bəli, uşaq yaxşı təhsil almalıdır. Əgər məktəbdəki proqramdan axsayırsa, ona təkan vermək lazımdır. Bəli, qaynar şəhər həyatında keçid dövrünü yaşayan uşağı tam nəzarətsiz qoymaq olmaz. 
   ...Səkinə xanımla indiki zəmanədə şəhər yerində uşaq tərbiyə etməyin çətinliyindən şikayət dolu söhbətin arasında soruşuram: 
   - Nigar incəsənətin hansı sahəsi ilə maraqlanır? 
   - Nə bilim... Deyəsən, türk estradasına çox qulaq asır... 
   Bu arada divanın bir küncündə əyləşib əlindəki planşetdən gözlərini ayırmayan, qulaqlıqlarından zəif də olsa, ətrafa süzülən mızıltı-ritm qarışığından belə başa düşürəm ki, Nigar qızımızın musiqi (əgər buna musiqi demək olarsa) zövqü barədə anasının məlumatı kasaddır. 
   - Bəs İlqar? Yəqin futbolu sevər... 
   - Nə bilim... Düzü, əvvəllər çox maraqlanırdı. Hətta bir ara istədi ki, futbolla məşğul olsun. Biz qoymadıq. Qoy özünə əməlli karyera qursun. Sonra neçə dəfə atasına dedi ki, “Qarabağ”ın oyununa apar məni. Yazıq Vüqarın vaxtı var ki!.. Səhər tezdən çıxır, gecə qayıdır. Uşaqların gələcəyini düşünür də... İstəyirik ki, onlar biz çəkən əziyyətləri görməsinlər. 
   Rəfiqəmin gətirdiyi arqumentlər ilk baxışda daşdan keçərli görünür. Amma əslində bəhanədən başqa heç nə deyil. Axı, övladı yedirib-içirtmək, əyləncə mərkəzlərində vaxt keçirmələrinə para xərcləmək, istədiyi brend paltarı geyindirmək, yaşıdlarında hələ olmayan son model planşet, smartfon almaq, xarici dil öyrənməsinə bir ətək pul tökmək - hələ onun həyatda uğurlu insan olacağına zəmanət vermir. Arada uşaqlar analarına yaxınlaşıb istəklərini deyirlər. Bütün istəklər “al”, “ver”, “et”, “istəyirəm”lə bitir, cavablar da təsdiq formasındadır: “alaram”, “edərəm”... Bircə dəfə feilin qeyri-qəti gələcək zamanı işlədilir: “atana deyərəm”. 
   Bəxtim gətirir, Səkinə çayları təzələmək üçün mətbəxə keçir. Mən isə uşaqları dilə tuturam. Hər ikisi başını planşetdən qaldırmadan suallarıma dodaqucu cavab verir. Məlum olur ki, Nigar axırıncı dəfə yay tətilində kitab oxuyub, İlqar isə bir az da irəli gedib deyir ki, indi heç kim kitab oxumur, hamı elektron variantdan istifadə edir. Elədə soruşuram ki, bəs planşetdə hansı kitabı oxuyur. Oğlan, deyəsən, sualımı eşitmir. Qəfil bağırtısından anlayıram ki, bayaqdan bacısı ilə hansısa internet oyununda yarışırmış, axır ki, qələbə çalıb!.. 
   
   Həkimin mövqeyi
   
   Pakizə xanım illərin uşaq həkimidir. Bugünkü uşaqları, yeniyetmələri onun qədər həm daxildən (sözün həqiqi və məcazi mənasında), həm də xaricdən yaxşı tanıyan elə uşaqları çox sevən illərin həkimi ola bilər. 
   - Hər gün neçə uşağa baxıram. Qəbula gələn balacaların müayinə, iynə qorxusunu azaltmaq üçün onları söhbətə tuturam ki, başı qarışsın. Bağçaya, hazırlıq sinfinə getməyən məktəbəqədər yaşlı hər on uşaqdan biri nə şeir bilir, nə də onacan saymağı. Amma gəl, hərf tanımaya-tanımaya telefonla internetə qoşulur, “Maşa və Ayı”nı, daha nələri tapır, əlindən almasan, saatlarla videoya baxır. Analar da sevinirlər ki, uşağın səsi çıxmır, qulağım dincdir. Bu gün gənc valideynlər uşaqla məşğul olmağa tənbəllik edirlər. Hərdən məsləhət görürəm ki, uşağın başını qatmaq üçün mobil telefondan, televizordan başqa da nələrsə var. Məsələn, arada uşağı kukla teatrına aparın. Bir də görürsən ki, belə cavab eşidirəm: “maraqlı deyil axı...”. Deyirəm ki, əlbəttə, sənin üçün maraqlı deyil. Amma balaca üçün maraqlıdır. Yəni uşağın xətrinə 40 dəqiqə nağıla baxmaq belə çətindir? Susurlar. Bəzisi isə bəhanə gətirir: “Uşaq qorxar...”. Məgər əsl nağıl qəhrəmanları internet oyunlarında gördükləri əcaib Pokemon, Spaydermen, Şrek və adını bilmədiyim, qəddarlıq, biganəlik aşılayan “qəhrəmanlardan” da eybəcər və qorxuncdurlar? Yox. Övladın hərtərəfli tərbiyəsini yalnız bağçanın, məktəbin boynuna atmaq olmaz. Gələcək vətəndaşın dünyagörüşünün, həyat dəyərlərinin təməli ailədə qoyulur. 
   
   Müəllifin mövqeyi 
   
   Uşaq və gənclərin, xüsusilə yeniyetmələrin fiziki və mənəvi inkişafı mövzusunda yazı hazırlamaq istəyəndə müxtəlif insanların fikirləri ilə maraqlandım. Təbii ki, qəzetimizin profilinə və öz mövzu dairəmə uyğun olaraq fiziki inkişaf məsələsinə toxunmadan mənəvi inkişaf istiqamətini seçdim. Düzdür, bugünkü uşaqlar, sabahın gəncləri barədə ətrafdakıların çoxu təxminən oxşar fikir söylədilər: “Bugünkü uşaqlar daha biliklidir”, “Biz onların yaşında olanda dünyadan xəbərimiz yox idi”, “İndikilər texnika və texnologiyaya daha tez bələd olurlar”, “İngilis dilində yaxşı danışırlar” və bu sayaq fikirlər. 
   Şübhəsiz ki, sadalanan xoş fikirlər ilə toxunmaq istəmədiyim mənfi münasibət arasında yaxşılar daha çoxdur. Bəli, məktəb proqramını həm tədris ocağında, həm də repetitor ilə ikiqat qüvvə ilə öyrənən, ən böyük məqsədi ali məktəbə yüksək balla qəbul olmaqdan ibarət yeniyetmələrin yaş və təhsil səviyyəsinə uyğun savadına şübhəmiz yoxdur. Lakin bir məqam diqqəti çəkir: bugünkü yeniyetmələr dərs proqramına daxil olmayan, ümumi dünyagörüşü yaradan biliklərdən uzaqdırlar. Yəqin ki, milli televiziya məkanında yayımlanan, yuxarı sinif şagirdləri və aşağı kurs tələbələri üçün nəzərdə tutulan “Mən azərbaycanlıyam” və digər intellektual yarışlara tamaşa edirsiniz. Dəfələrlə görmüşük ki, hətta 500-600 balla ali məktəbə qəbul olan tələbələr ümumi mövzu, mədəniyyət və incəsənətə dair ən primitiv suallarda axsayırlar. “Bəxtiyar” filmini görməyən, Üzeyir bəyin operetta qəhrəmanlarını tanımayan, baba və nəvə Müslüm Maqomayevləri qarışdıran, Səttar Bəhlulzadənin hansı sənətin sahibi olduğunu deyə bilməyən yeniyetmə, gənc ana dilindən başqa daha iki dili yüksək səviyyədə bilsə də, Azərbaycan mədəniyyətini necə təbliğ edəcək? Hansı bədii əsəri oxuduğu, nə vaxt teatrda olduğu yadına düşməyən gənc Azərbaycan mədəniyyətinin daşıyıcısı missiyasının öhdəsindən necə gələcək? 
   Əslində bu məsələdə 12-16 yaşlıları çox da qınamaq olmur. Gəlin, kitab mağazalarını gəzək. Uşaq ədəbiyyatı bölümündə istənilən qədər nağıl, xarici ədəbiyyatdan çevirmələr, yeni müəlliflərin kitabı var. Bəs yeniyetmələr öz yaşlarına uyğun nəyi oxusunlar? Bir zamanlar kitabxanalarda Azərbaycan və sovet yazıçılarının bu yaş qrupu üçün xeyli kitabına rast gəlirdin. Təəssüf ki, həmin əsərlər məhz “sovet məktəblisi necə olmalıdır” ideyasına xidmət etdiyindən dövran dəyişəndə öz aktuallığını itirdi. 
   Ya da Bakıdakı teatrların repertuarına nəzər salaq. Afişalardan oxuduğumuz gündüz tamaşalarının adlarını yada salaq. “Göyçək Fatma”, “Qaraca qız”, “Çipollino”, “Karlson”, “Qırmızıpapaq”... Bütün bu tamaşalar məktəbəqədər və kiçikyaşlı məktəblilər üçündür. 13-16 yaşlılara bu nağıllara baxmağı təklif etmək isə ən azı, gülüncdür. Digər tərəfdən, qəhrəmanları 14-15 yaşında olan “Romeo və Cülyetta”, “Leyli və Məcnun” kimi klassik əsərləri dərk etmək də indiki yeniyetmələrlik deyil. Halbuki, Orta əsrlərdə insan ömrü 50-60 il olduğundan 14-15 yaşlılar yetkin insan, ailə qurmağa hazır şəxs sayılırdılar. Sinyora Kapulettinin evlilik barədə qızına dediklərini xatırlayaq: “Sən yaşda olanda artıq səni doğmuşdum”. Amma XXI əsr uşaqlarının platonik məhəbbətə münasibəti fərqlidir və üstəlik, qadın-kişi sevgisini tərsindən anlamaları isə arzulanan deyil. Bəs bu yaş dövrünü yaşayan nəsil - indi dəbdə olan sözlə desək, tineycerlər nəyə baxsınlar, nəyi oxusunlar? Belə çıxır ki, bizim teatrlar 10-11 yaşında itirdiyi tamaşaçının yenidən 18 yaşında salona qayıtmasını istəyir. Bəs bu, nə dərəcədə mümkündür? Virtual oyunlar, sürətlə yeniləşən kompüter texnologiyası artıq bu yaş qrupunu əlimizdən alır. 
   Belə çıxır ki, biz Azərbaycanı tanımaq, milli ədəbiyyata və incəsənət tarixinə yaxşı bələd olmaq, dünyagörüşünün aktiv genişlənmə, şəxsiyyət və vətəndaş kimi formalaşmaq dövrünü yaşayan nəsli itiririk. Bəzən isə bu itki artıq fizioloji baxımdan baş verir. 
   Beyinin və qəlbin mənəvi tələbatı mədəniyyət və ədəbiyyat tərəfindən ödənilmədikdə yaranan boşluğu radikal dini fikirlərin, bədbin düşüncənin doldurmayacağına, hər şeyin maddiyyata bağlılığına inandığından maddi istəklərinin ödənilməməsinin depressiyaya, tərki-dünyalığa, intihara aparıb çıxarmayacağına zəmanətmi var? Bəs nə etməli? 
   Yəqin ki, bundan ötrü xüsusi inkişaf proqramı hazırlanmalıdır. Təhsil Nazirliyi məktəb psixoloqları ilə birlikdə nəinki yeniyetmələr, həm də onların valideynləri üçün xüsusi proqramlar tərtib etməlidir. Milli Televiziya və Radio Şurası, mədəniyyət sahəsi üzrə müvafiq qurumlar, Yazıçılar Birliyi, teatrlar, informasiya texnologiyaları ilə bağlı təşkilatlar proqrama qoşulmalıdır. Bu günün yeniyetmələrini maraqlandıracaq əsərlər yazılmalı, onların diqqətini çəkən tamaşalar qoyulmalı, teleproqramlar hazırlanmalı, faydalı kompüter proqram və oyunları icad edilməlidir. 
   Bizcə, vətəndaşlığın yolu haradan başlanır sualına cavab verə bildik. 
   
   Gülcahan Mirməmməd 
   
   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur