Məşhur ispan rəssamı Pablo Pikassonun (1881-1973) iki rəsm əsəri “Christie's” satış evinin fevralın 27-də Londonda keçirilən iki hərracının lideri olub.
Rəssamın yaradıcılığının son dövrlərinə aid “Muşketyor və oturan çılpaq qadın” (1967) əsəri 13 milyon 733 min 750 funt sterlinqə (19 milyon 172 min 315 dollar) öz alıcısını tapıb.
Pikassonun digər əsəri - 1930-cu ildə çəkilən “Fiqur” rəsmi “Sürrealizm sənəti” hərracında 8 milyon 333 min 750 funt sterlinqə (11 milyon 633 min 915 dollar) satılıb.
Hərraclarda satılan impressionist və modernistlərin əsərləri arasında qiymətinə görə ən bahalı ikinci rəsm Edqar Deqanın (1834-1917) 1882-1885-ci illərə aid “Pərdə arxası” əsəridir. Onun 12 milyon 555 min dollara satıldığı bildirilir.
Abstraksionizmin banilərindən biri olan Vasili Kandinskinin (1866-1944) “Peyzaja eskiz” (1910) rəsm əsəri 9 milyon 435 min, Klod Monenin (1840-1926) iki əsəri - “Jivernidə çəmənlik” (1885) və “Pionlar” (1887) rəsmləri isə 10 milyon 535 min dollara satılıb.
“Christie's” satış evinin impressionist və modernistlərin əsərlərinin hərracının ümumi məbləği 159 milyon, sürrealistlərin əsərlərinin ümumi satış həcmi 50 milyon dollara yaxın olub.