Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı təqdim edilib.
“Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşan konsertdə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib.
Gecədə Hacı Xanməmmədovun “Arfa üçün konsert”, Azər Rzayevin “Düşüncə”, Süleyman Ələsgərovun “Tarantella”, “Rəqs-tokkata”, “Şaloxo”, “Aşıqvarı”, “Poema”, Nazim Əliverdibəyovun “Elegiya”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Vasif Adıgözəlovun “Qərənfil”, Həsən Rzayevin “Çahargah” rapsodiyası” əsərləri səslənib, “Qarabağ şikəstəsi” ifa olunub.
Musiqili gecədə Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri də çıxış ediblər.
* * *
Martın 7-də Xətai Sənət Mərkəzində “Qadınların dünyada rolu” adlı sərgi açılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Fotoqraflar Birliyi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil edilib.
Sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 100-dən çox rəssamın əl işləri nümayiş olunacaq.
* * *
Azərbaycan Dövlət Musiqili Teatrında isə martın 8-i “açıq qapı” günü keçiriləcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağı Beynəlxalq Qadınlar Günü münasibətilə tamaşaçılarına görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını hədiyyə edəcək. Səhnə əsərində baş rolu Xalq artisti Afaq Bəşirqızı oynayır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.