“Bijutsu” gözəllik və bacarıq deməkdir
      
   Yapon dilində “incəsənət” sözünü yazmaq üçün iki heroqlifdən istifadə edirlər: bi - gözəllik, jutsu isə bacarıq deməkdir. Deməli, “bijutsu” kəlməsini gözəlliyi yaratmaq, duymaq bacarığı kimi də tərcümə etmək olar. 
   Martın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Yapon incəsənəti” adlı gözəl bir sərginin açılışı oldu. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, rəssam və sənətşünaslar, tanınmış ziyalılar iştirak edirdi. 
   Muzeyin direktoru Çingiz Fərzəliyev qonaqları salamlayaraq bildirdi ki, 18 minədək eksponatın qorunduğu bu sənət məbədində yapon incəsənətinə dair təxminən 200 eksponat var. Sovet hakimiyyəti qurulandan sonra Bakı burjuaziyasının müsadirə olunmuş əmlakından formalaşan bu kolleksiya sonralar Moskva və Sankt-Peterburq muzey fondları və Sovet İttifaqının digər muzeyləri ilə eksponat mübadiləsi sayəsində bir qədər də zənginləşib. Təqdim olunan “Yapon incəsənəti” sərgisi “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı dünya incəsənəti” sərgi silsiləsinin davamıdır. İlk sərgi ötən il Fransa incəsənətinə həsr olunmuşdu. 
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Yaponiyanın Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu diqqətə çatdıraraq ötən müddətdə Gündoğar ölkə ilə istər diplomatik, istərsə də mədəni əlaqələrin inkişaf etdiyini vurğuladı. Yaponiyanın ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq forumlarında da fəal iştirak etdiyini xatırladan nazir müavini hələ 2011-ci ildə Milli İncəsənət Muzeyində Yaponiya səfirliyinin təşəbbüsü və nazirliyin dəstəyi ilə “Buddanın ruhu” sərgisinin böyük müvəffəqiyyətlə keçirildiyini dedi. Bildirildi ki, 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya universiteti arasında bağlanmış memoranduma əsasən başlanmış tədqiqatlar ötən il uğurla davam edib. Sevda Məmmədəliyeva bu sərgiyə də paytaxt əhalisinin və Bakının qonaqlarının böyük maraq göstərdiyinə əmin olduğunu söylədi.
   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Yaponiya təsviri sənətinin özəlliklərindən bəhs edərək sərgini fərqli bir sivilizasiyanın mədəniyyəti ilə canlı ünsiyyət imkanı kimi qiymətləndirdi. 
   Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxışında vurğuladı ki, diplomatik əlaqələrimizin 25 illik tarixi olsa da, İpək Yolu ilə başlanan mədəni əlaqələrin tarixi 1500 ildən artıqdır: «Bununla belə, Yaponiyadan 7500 km uzaqda yerləşən Azərbaycanda yapon rəssamlığı və dekorativ-tətbiqi sənət nümunələrinin çox olması, yapon keramika sənətinə bələdlik və xoş münasibət məni sevindirir».
   Çıxışlardan sonra mərasim iştirakçıları sərgi ilə tanış oldular. 
   Sərgidə muzeyin fondundan əsasən yapon keramika və ipək üzərində tikmə sənəti nümunələri sərgilənir. Divarları bəzəyən çiçəkləmiş sakura budaqlarının, zərif su bitkilərinin, salxım qlisiniya çiçəklərinin təsviri, təbii dekorativ bitkilərdən yaradılmış “bonsay bağçası” klassik yapon interyeri və təsviri sənət mühiti yaradıb. Daha çox incə işləməli və süjetli naxışlarla bəzədilmiş keramika nümunələrinin arasında fil sümüyündən oyma üsulu ilə düzəldilmiş miniatürlər, samuray katanasının (qılıncının) qını, XVIII-XIX əsrə aid sümük, sədəf və ipək işləməli yelpiklər, XIX əsrin sonu - XX əsrin əvvəlinə aid “Yapon bağı” adlı süjetli qobelen təkcə insan təxəyyülünün, zövq və bacarığının deyil, həm də səbrinin təcəssümü kimi də diqqəti çəkir. XIII əsrdə monqolların işğalına həsr olunmuş 65 səhifəlik illüstrasiyalı tarix dərsliyi, burulmuş papirus kağızı üzərində çəkilmiş incə rəsmlər alleqorik və həyati təsvirli keramika nümunələrini tamamlayır. 
   Bu gözəlliyi yaradanlar yaradıb, qalır onları seyr edib duymaq. 
   “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi mayın sonunadək davam edəcək.
   
   G.Mirməmməd