Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi ilə görüşüb. Görüşdə BXA-nın Türkiyənin dövlət və özəl sənət ali təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin qurulması, tələbə mübadiləsi və diplomların qarşılıqlı tanınması məsələləri müzakirə olunub.
Professor Timuçin Əfəndiyev akademiyanın fəaliyyətindən, uğurlarından, tədris prosesi, yaradıcılıq işləri və beynəlxalq əlaqələrindən söz açıb, müxtəlif ölkələrin incəsənət təmayüllü ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrinin bağlandığını, Bakı Xoreoqrafiya Akademiyasının Avropa İncəsənət Universitetləri Liqasının üzvü seçildiyini diqqətə çatdırıb.
Rektor qardaş Türkiyənin sənət ali təhsil müəssisələrinin Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Bakıda 25-27 iyun tarixində keçiriləcək Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsində yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirib. İrfan Çiftçi də öz növbəsində BXA ilə əməkdaşlıqda maraqlı olduqlarını və müsabiqədə Türkiyənin yaxından iştirakı üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, birgə sənət layihələrinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.