Bakıdakı “Ağ Şəhər” qalereyasında istedadlı rəssam, Gürcüstanda yaşayan soydaşımız Rizvan İsmayılın “Rəqəmlərin sirli dünyası” adlı fərdi sərgisi keçirilib.
Sərginin açılışında Əməkdar rəssam, UNESCO yanında Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Sakit Məmmədov, millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər çıxış edənlər Rizvan İsmayılın yaradıcılığı haqqında söz açıb. Qeyd olunub ki, rəssamın İstanbulda, Tbilisidə, Parisdə, Moskvada fərdi sərgiləri keçirilib.
Qeyd edək ki, martın 1-dən 6-dək davam edən sərgidə tamaşaçılar rəssamın nimerologizm (əbcədizm) üslubunda çəkdiyi əsərlərlə də tanış olmaq imkanı qazanıblar.
Gürcüstanın Bolnisi rayonundan olan Rizvan İsmayıl 1986-1990-cı illərdə Bakıdakı Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb. Eyni zamanda tanınmış ilahiyyatçıdır. Gürcüstan Rəssamlar Federasiyasının ilk azərbaycanlı üzvüdür. 2015-ci ildə Tbilisidə “Rəssam rənglərlə şeir yazan bəstəkardır” adlı kataloqu nəşr olunub.
Bu, rəssamın Bakıda ikinci sərgisidir. Rəssam ötən ilin martında “1969” qalereyasında sənətsevərlərlə görüşmüşdü.