Martın 9-da Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti konsert keçirildi.    
   Konsert proqramında “Şur” muğam dəsgahı - “Bərdaşt”, “Mayə”, “Şur-şahnaz”, “Bayatı-Türk”, “Şikəsteyi-fars”, “Səmayi-şəms”, “Sarənc”, “Şura ayaq” ifa olundu. 
   Tanınmış xanəndə Qoçaq Əsgərov instrumental ifaçılar Əli Əsgər Məmmədov (tar), Elnur Mikayılov (kamança), Kamran Kərimov və Hüsaməddin Əzizovun (nağara) müşayiəti ilə tamaşaçılara zövq dolu bir muğam axşamı bəxş etdi.
   Konsertdə İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin qəzəlləri səsləndi.
   * * *
   Həmin gün “Muğam aləmi” festivalının daha bir konsert proqramı Kamera və Orqan Musiqisi Zalında təqdim olundu. Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor - Xalq artisti Teymur Göyçayev) çıxış etdi.
   * * *
   İçərişəhərdəki Marionet Teatrında isə Üzeyir Hacıbəylinin eyniadlı operası əsasında hazırlanmış “Leyli və Məcnun” tamaşası nümayiş etdirildi. Teatrın bədii rəhbəri Tərlan Qorçudur. 14 pərdəlik marionet tamaşası təxminən 3 il ərzində ərsəyə gəlib və 2016-cı ilin dekabrında sənətsevərlərə təqdim olunub.
   * * *
   Martın 10-da festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində növbəti konsertdə “Segah” muğamı (ifa edir Babək Niftəliyev) səslənəcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.
   
   Fariz