Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.
Konsertdən əvvəl BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynova görkəmli bəstəkarın Azərbaycan musiqi sənətində əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yaddaqalan mahnıların müəllifi olmasından, 40-dan çox filmə musiqi bəstələməsindən bəhs edib. Sənətkarın geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığı, Tofiq Quliyevin eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğu da vurğulanıb.
Konsertdə BXA-nın tələbələri bəstəkarın “Dörd dost”, “Sənə də qalmaz”, “Axşam oldu”, “Marş”, “Bakı nəğməsi” və digər əsərlərini səsləndiriblər.