Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir.
Martın 8-də Beynəlxalq Muğam Mərkəzində festival çərçivəsində musiqi axşamı təşkil olunub. Gecədə tamaşaçılar gənc xanəndə Elnur Zeynalovun məharətlə ifa etdiyi “Rast” muğam dəsgahını dinləyiblər.
Orta əsrlər musiqi elmində “Rast” birinci və bütün digər muğamların əsası sayılır. Dahi bəstəkar Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” kitabında “Rast”ı indiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam adlandırıb.