Səhnə arxası... 
   
   Bugünkü həmsöhbətlərimiz iki bacıdır. Amma onlarla birlikdə yox, ayrı-ayrılıqda söhbət etməli olduq. Çünki işdəydilər. Üstəlik, onların əsas iş saatı bir çox sənət sahibinin iş günü bitəndən sonra da davam edir. Söhbət qrim rəssamlarından gedir. Teatrda işləyən, ata yolunu davam etdirən Vəfa və Aybəniz. Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qrimçi işləmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qrim üzrə dərs demiş Telman Yunusovun qızları. Vəfa Həsənova Akademik Milli Dram Teatrında, Aybəniz Hüseynova isə Musiqili Teatrda qrim sexinin rəisidir. Ən mürəkkəb, qəliz qrim tələb edən heç bir tamaşa onların fantaziyası, təcrübəsi, zövqü olmadan hasilə gəlmir. Bəxtimiz gətirdi ki, hər iki bacını qrim ustalığı tələb edən tamaşalardan öncə iş başında müşahidə edə bildik. Vəfa xanım M.S.Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında “Qətibə İnanc”, Aybəniz xanım isə İ.Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” tamaşasına hazırlaşırdı. Hər iki tamaşa kifayət qədər qrimçi məharəti tələb etdiyindən onları iş başında müşahidə edərək müsahibə aldıq. Oxumaq rahat olsun deyə, ayrı-ayrı axşamlarda fərqli məkanlarda aldığımız müsahibələri birləşdirdik. 
   
   - Adətən teatrda çalışanlar istəmirlər ki, övladları onların yolunu davam etdirsin. Bəhanələri də budur ki, bu sahənin əzabı həzzindən çoxdur. Bəs nə yaxşı, rəhmətlik atanız qızlarının onun yolunu davam etdirməyinə razı oldu?   
   Aybəniz: Vəfanı teatra atam özü aparıb. Yəqin onda bu qabiliyyəti hiss etmişdi. Mənəsə deyirdi ki, səndən yaxşı müəllimə olar. 11-ci sinifdə oxuyanda fikrimi dəyişdim ki, rejissor olmaq istəyirəm. Atam razılaşmasa da, sözümdən dönmədim, qabiliyyət imtahanına təkbaşına hazırlaşdım. Hətta universitetdə biləndə ki, Telman Yunusovun qızıyam, o da məndən ötrü kimsəyə ağız açmayıb, təəccübləndilər. Atam elə zənn edirdi ki, qabiliyyət imtahanından keçə bilməyəcəyəm. Rejissorluq ixtisasına düşə bilmədiyimdən Tətbiqi incəsənət fakültəsində oxudum. Universiteti fərqlənmə diplomu ilə bitirdim. Tələbə kimi səhnəyə çıxıb rol da oynamışam. Amma başa düşdüm ki, rejissorluq, aktyorluq mənlik deyil. Ən yaxşısı elə səhnə arxasında işləməkdir. 
   Vəfa: 1996-cı ildə atamın əlindən tutub teatra gəlmişəm. O zamankı teatrın mühiti mənim üçün çox maraqlı idi. Açığını deyim ki, atam da məni teatr mühitində çalışmağa hazırlayırdı. Teatrda ilk işim saqqal toxumaq olub, aktyorlarla işləməyə çox sonralar başladım. Mən görürdüm ki, atam öz işinə ailəsindən daha çox sevgi bəxş edir. Amma mən atam qədər teatr fanatı olmadım. Həyatımdakı “qızıl orta”nı tapa bildim. Həmişə çalışıram ki, işim ailə qayğılarımı üstələməsin, ailəm də işimi axsatmasın. 
   
   - Siz elə uşaqlıqdan teatra yaxın olmusunuz. Amma hər necə olsa, teatrda çalışmağa başlayandan, teatr işinin məsuliyyətini dərk edəndən teatra münasibətiniz dəyişmədi ki?
   Aybəniz: Yox, əksinə. Hərdən mənim teatr sevgimi başa düşmürlər də... Bəzən çəkilişlərdə iştirak edirəm. Mənim işimə can yandırmağımı görəndə təəccüblənirlər ki, niyə elə teatrda işləyirsiniz? Başqa yerdə qazancınız daha çox ola bilər axı... Amma mən teatrdan aralı qala bilmirəm. Analıq məzuniyyətində olanda da teatr üçün darıxmışam. Məsələn, evdə xeyli iş görəndən sonra yoruluram, halbuki teatrda tamaşa qabağı nə qədər gərginlik olsa da, fiziki yorğunluq hiss etmirəm. Bu gün tamaşada məşğul olan heç bir aktyorumuz gecikməyib deyə, rahat işləyirəm. Düzdür, hərdən adam nədənsə yorulur, bezir. Amma bu cür hallar bütün işlərdə, bütün sahələrdə var. 
   Vəfa: Təbii ki, adam bəzən yorulur. İnsan bəzən öz doğmalarından da yorulur. Amma işini sevirsənsə, işlədiyin insanlara alışmısansa, xırda inciklik, narazılıq tez ötüb keçir. Hər şeyi də pul, yüksək maaş həll etmir. 
   
   - Belə bir situasiyanı səhnə arxasında görülən işlərdən xəbərsiz oxucularımız üçün aydınlaşdıraq. Yeni tamaşa üzərində qrimçinin işi nə vaxt başlayır? 
   Vəfa: Daxili baxışa təxminən iki həftə qalmış qrimçi işə başlayır. Təbii ki, əsərlə, həmin əsərin aid olduğu dövrlə, yaxud tarixi şəxsiyyətlərlə tanışlıq vacibdir. Bəzən qrimin seçimi son anda dəyişir. Eskiz təklif edilməyəndə quruluşçu rejissor hansısa aktyorun görkəmindən narazı qala bilər. Hərdən rejissor, rəssam əvvəlcədən qrimçidən soruşur ki, sən bunu necə görürsən? Bu aktrisaya bu obrazda necə bir saç düzümü yaraşdırırsan? İfaçının fikrini də nəzərə almaq lazımdır. 
   Aybəniz: Rəssam, rejissor obrazla bağlı fikirlərini söyləyirlər, eskiz təklif edirlər. Bəzən hətta şəkil verib deyirlər ki, aktyor bu adama oxşamalıdır. Əlbəttə, belə münasibət adətən tarixi əsərlərin tamaşasında olur. Qəribədir ki, əlimə kağız-karandaş versələr, həmin portreti kağız üzərində çəkə bilmərəm, amma aktyorun, aktrisanın simasında həmin portreti yaratmaq mənim üçün çətin deyil. 
    
    - Güzgü qarşısında əyləşib qrimini, deməli, həm də yaradacağı xarakterin bir hissəsini sizin ixtiyarınıza verən aktyor ilə ünsiyyəti necə qurursunuz? 
   Vəfa: Sadəcə, aktyorun vəziyyətini nəzərə almaq lazımdır. İnsandır, ola bilər ki, həmin gün qanı qaralıb, amma komediya oynamalıdır. Ya da təzəlikcə faciə yaşayıb həyatında. Bəlkə də evdən qanıqara gəlib. Mən onun üzündə işləyəndə o da məni görür. Çalışıram ki, aktyor bu auranı səhnəyə daşımasın. Elə biz də tamaşadan əvvəl müəyyən xoşagəlməz hadisə yaşaya bilərik, qanımız qara, ya da evdə xəstə qoyub gəlmiş ola bilərik. Amma aktyor bizi üzügülər görməlidir ki, bizim əsəbimiz, gərginliyimiz onunla birlikdə səhnəyə daşınmasın. 
   Aybəniz: Mən aktyoru qrim edəndə artıq onun fikrinin səhnədə olduğunu anlayıram. Bilirəm ki, o, güzgü qarşısında otursa da, ürəyində tamaşadakı sözlərini təkrar edir, tamaşanın necə keçəcəyinin həyəcanını yaşayır. Çalışıram ki, pariki, yaxud saç düzümü, üzünə yapışdırılan bığ-saqqal onu narahat etməsin, çünki belə xırda detallar onun fikrini roldan yayındıra bilər. 
   
   - Qrimçinin işi tamaşadan asılı olaraq, xeyli əvvəl başlayır. Bəs nə vaxt qurtarır? 
   Vəfa: “Qətibə İnanc” mənim üçün çox ağır tamaşadır. Təxminən gündüz saat ikidə işə başlayırıq. Həm cavan Qətibənin, həm də artıq yetkin yaşlı Qətibənin mürəkkəb saç düzümü var. Qətibə obrazını oynayan Bəsti xanımın da, onun gəncliyini canlandıran qızı Fidanın da saç düzümünü qaydaya salmaq neçə saat vaxt aparır. Sonra onlar libaslarını geyinirlər və qrimə başlayırıq. Tamaşa başlayandan sonra da səhnənin arxasındayam. Çünki xanımlar taclarını dəyişəcəklər, gərək saç düzümünün pozulmamasına nəzarət edim. 
   Aybəniz: Qrimçinin işi tamaşa ilə eyni vaxtda bitir. Bu gün bizdə “Molla Nəsrəddinin beş arvadı” oynanılır. Kişilərin hamısının üzü bığ-saqqallı, başı çalmalıdır. Gərək səhnənin arxasında hazır dayanaq ki, qəfil kimin bığı, saqqalı qopsa, çalması əyilsə, tez düzəldə bilək. 
   
   - Neçə illərdir ki, teatrdasınız. Yaşlını cavan göstərmək asandır, yoxsa cavan aktyoru səhnədə “qocaltmaq”? 
   Vəfa: Əlbəttə, cavan adamı yaşlı göstərmək daha rahat başa gəlir. Sizə bir sirr açım. Mənim üçün yaşından, qocaldıb-cavanlaşdırmaqdan asılı olmayaraq, aktyorlarla işləmək aktrisalarla işləməkdən rahatdır. Aktyorlara obrazı tamamlamaq, xarakter yaratmaq bəs edir. Aktrisalar isə həm də gözəl görünmək istəyirlər. 
   Aybəniz: Cavanı yaşlı göstərmək asandır. Amma indi əlimizin altında kremlərin elə çalarları var ki, onlarla istənilən qırışı ört-basdır etmək, ya da yaratmaq çətin deyil. Sadəcə, həmin çalarları diqqətlə seçmək gərəkdir. 
   
   - Qrim işini makiyaj sənəti ilə qarışdıranlara münasibətiniz necə olur? 
   Aybəniz: Başa salıram ki, qrimçi ayrıdır, stilist ayrı... Biz gözəllik yox, obraz yaratmaqla məşğuluq. Tamaşada rejissorun görmək, aktyorun göstərmək, rəssamın da çatdırmaq istədiyini qrim vasitəsilə tamamlamağa çalışırıq. 
   Vəfa: Çox istərdim ki, öz sənətimlə Azərbaycanı təmsil edim. Hansısa beynəlxalq treninqlərə qatılım, biliyimi artırım, yeni qrim texnologiyalarını öyrənib işimdə tətbiq edim. 
    
   * * *
   Beləcə, səhnə arxasında söhbətimiz başa çatır. Ata sənətinin davamçısı, öz işinin ustası olan iki gözəl və mehriban xanımla teatrdakı qrim otaqlarını gəzib onların insan simasında yaratdıqlarını seyr edərək, aktyorlarla ünsiyyətinə şahid olduq. Gördüklərimiz bizim teatr məhəbbətimizi bir qədər də artırdı. Ümidvarıq ki, elə sizin də teatr məhəbbətinizə bir qədər rəng qata bildik. 
   
   Gülcahan Mirməmməd