Azərbaycan
    
   10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. 10 mart Azərbaycanda Milli teatr günü kimi qeyd olunur.
   10 mart 1878 - Görkəmli yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (12.7.1812 - 1878) Tiflisdə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə "Aldanmış kəvakib" povesti ilə milli realist nəsrin təməlini qoyub. 
   10 mart 1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Qəmər Hacağa qızı Almaszadə (1915 - 7.4.2006) anadan olub. Professional səhnəni tərk etdikdən sonra pedaqoji fəaliyyət göstərib, Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.
   10 mart 1940 - Xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 
   10 mart 2004 - Xalq artisti, görkəmli sənətkar Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 - 2004) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb, Züleyxa (“Ulduz"), Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") və s. rolları ilə yadda qalıb. "Ögey ana", "Böyük dayaq", "Ulduz", "Qayınana", “Yuxu” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   
   11 mart 1925 - Xalq artisti Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən Musiqili Komediya Teatrında tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. "Əhməd haradadır?", "Ulduz", “Xoca Nəsrəddinin 12 qəbri" (“Tacikfilm”) və s. filmlərdə çəkilib. 
   11 mart 1938 - Azərbaycan aşıqlarının II qurultayı başlanıb. Qurultay üç gün davam edib.
   11 mart 1958 - Əməkdar artist Hicran Fətəli qızı Nəsirova Bakının Əmircan qəsəbəsində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb.
   
   12 mart 1933 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 1933 -12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, «Ey həyat, sən nə qəribəsən», “Tələbəlik illəri”, “Tələsin, insanlar” və s.) bəstələnib. Milli Məclisin deputatı (1995-2000) olub.
   12 mart 1906 - Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906 - 10.6.1989) Bakıda anadan olub. Kitabları: “Ələmdən nəşəyə”, “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s. Azərbaycan SSR Ali Sovetinin sədri olub.
   12 mart 1936 - Yazıçı-publisist Əmir Gülbala oğlu Mustafayev (1936-2007) anadan olub.
   12 mart 1942 - Fəlsəfə elmləri doktoru, AMEA-nın akademiki, Rusiya Federasiyası Pedaqoji və Sosial Elmlər Akademiyasının üzvü Əfrand Firudin oğlu Daşdəmirov (1942 - 7.4.2015) Bakıda anadan olub. 
   
   13 mart 1899 - Xalq artisti Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899 - 12.4.1969) Bakının Fatmayı kəndində doğulub. 1920-ci ildə Azərbaycan Milli Dram Teatrında fəaliyyətə başlayıb. “Görüş” filmində (Çayçı) çəkilib.
   13 mart 1927 - Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 - 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 
   13 mart 1928 - Tanınmış skripkaçı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928 - 17.8.1994) anadan olub.
   13 mart 1935 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Arif Allahyar oğlu Hacıyev (1935 - 15.4.2000) anadan olub.
   13 mart 1938 - SSRİ hökuməti müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədrisi barədə qərar verib. 
   13 mart 1994 - Görkəmli aktyor Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942 - 1994) vəfat edib. Teatr və televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maraqlı obrazlar yaradıb.
   
   Dünya
   
   10 mart 1772 - Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel, 1772-1829) anadan olub.
   10 mart 1939 - Moskvadakı Şabolovka telemərkəzindən ilk televiziya yayımı başlanıb. 
   10 mart 1958 - Amerika aktrisası Şaron Stoun (Sharon Vonne Stone) anadan olub. “Əsas instinkt”, “Yolayrıcı”, “Kazino” və s. filmlərdə çəkilib. 
   
   11 mart 1544 - İtalyan şairi Torkvato Tasso (Torquato Tasso, 1544-1595) anadan olub. 
   11 mart 1818 - Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub. 
   
   12 mart 1672 - İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele, 1672-1729) anadan olub.
   12 mart 1685 - İngilis filosofu, subyektiv idealizmin tanınmış simalarından biri (spiritualist) Corc Berkli (George Berkeley, 1685-1753) anadan olub.
   12 mart 1728 - Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs, 1728-1779) anadan olub.
   12 mart 1946 - Amerika aktrisası, müğənni Liza Minnelli anadan olub. “Kabare” filmində roluna görə “Oskar” mükafatına (1972) layiq görülüb.
   
   13 mart 1838 - İtalyan yazıçısı, tarixi romanlar (“Spartak” və s.) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli, 1838-1915) anadan olub.
   13 mart 1900 - Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.
   13 mart 1910 - Türk yazıçısı Kamal Tahir Dəmir (1910 - 21.4.1973) anadan olub. “Əsir şəhərin insanları”, “Yeddiçinar yaylası”, “Yorğun savaşçı”, “Dövlət ana”, “Qurd qanunu” və s. romanların müəllifidir.
   13 mart 1913 - Rus şairi, yazıçı, dramaturq Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub. SSRİ-nin və Rusiyanın dövlət himnlərinin sözlərinin, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan