Domlar Azərbaycanda indiyə qədər “qaraçı” adı ilə tanınıblar. Müşahidələr göstərir ki, “qaraçı” yerli türklərin onlara verdiyi addır. Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri İlkin Rüstəmzadə ölkəmizdə yaşayan domların folkloru, tarixi, məşğuliyyəti, dili və s. ilə bağlı geniş araşdırma aparıb.
- İlkin müəllim, “qaraçı” adının meydana gəlməsi haqqında nə deyə bilərsiniz?
- “Qaraçı” adı Azərbaycan və Qafqaz ərazisində işlənib, dilənçiliklə məşğul olan tayfalara deyilib. “Qaraçı” sözü ilə bağlı fərqli ehtimallar var. Bu sözün Kəraçi şəhərinin adının xalq arasında dəyişikliyə uğramış şəkli olduğu söylənilir. Başqa ehtimala görə, “qaraçı” adı onlara dərilərinin rənginə görə verilib. Beləliklə, “qaraçı” onlara qıraqdan verilən addır, onlar özlərini “dom” adlandırır.
Domlar ölkəmizdə Ağsu, Ağdaş, Yevlax, Bərdə, Ağcabədi, Ağdam ərazisində yaşayırlar. Dəqiq sayları bəlli olmasa da, Ağsu rayonunda 48, Ağdaşda 250, Yevlaxda 87, Ağdam rayonunda 101 ailə olduğu ehtimal edilir.
- Onlar nə vaxtdan oturaqlaşıblar?
- Azərbaycanda domların oturaqlaşması 1956-cı ildən sonraya təsadüf edir. Ağsu domlarının nümayəndəsi Şaməddin Cəbiyev bu rayonda yerləşmələrini mənə belə danışıb: “1956-cı ildə bizim köç Çayqaraqoyunlu kəndinin yaxınlığında düşmüşdü. Şamaxının raykom katibi Allahyarlı oraya gələrək Əmirli tayfasının böyüyü Məşədi Əhməd kişini xəbər alır. Bizim camaat onu Məşədi Əhmədin alaçığına yönəldir. Katib deyir ki, Məşədi Əhməd, Xruşşov qərar çıxarıb, əgər oturaqlaşsanız malınız, mülkünüz sizin olacaq, istəməsəniz hər şeyiniz əlinizdən alınacaq, Qazaxıstana sürgün olunacaqsınız. Məşədi Əhməd 1949-cu ildə Qazaxıstana sürgün olunmuşdu. Ona görə dedi ki, yoldaş Allahyarlı, oralara getmək istəmirəm, bizi Ağsuya yaz”. Beləliklə, 1956-cı ildən etibarən Ağsu rayonunda dom ailələri üçün torpaq sahəsi ayrılır və orada yaşamağa başlayırlar.
Ağdaş domlarının da məskunlaşması həmin dövrə təsadüf edir. Yevlax domlarının dediyinə görə, qaraçıların oturaqlaşması haqqında qərar çıxandan sonra onlara köç etməyə imkan verməyiblər, hamı Qarxun kəndinin ətrafına yığılıbmış. Ondan sonra Yevlax ərazisində, bir qisminə isə Bərdə rayonunda yer ayrılıb və domlar orada yerləşdiriliblər. Yaşlı nəsil uzun müddət oturaq həyata uyğunlaşa bilmirdi, amma sürgün oluna biləcəklərindən qorxaraq oturaq həyata alışdılar.
- Domların köçəriliyinin səbəbi nədir?
- Köçəriliyin qaraçıların azadlıq, sərbəstlik istəklərilə əlaqəsi yoxdur, sırf iqtisadi səbəbləri var. Qaraçılar ələk, xəlbir, şadara kimi bir çox məişət əşyalarının istehsalı ilə məşğul olurdular, istehsal etdikləri əşyaları satmaq üçün isə onlara yeni bazarlar gərək idi. Ayı oynadanların yeni məkanlara, fala baxanların yeni müştərilərə ehtiyacı var idi. Bu ehtiyac onları bir bölgədən başqasına köç etməyə sövq edirdi. Son dövrlərə qədər domlar səyyar şəkildə kəndbəkənd gəzərək hazırladıqları əmək alətlərini satırdılar.
Dom camaatının köçü mart ayında başlayır, payızın sonlarına kimi davam edirdi. Onların əsas düşərgəsi Girdiman, Türyançay, Araz çaylarının qırağı olub. Domlar bir həftə, on gün düşərgə saldıqları yerdə qalır, istehsal etdikləri ələk, xəlbir, şadara, həmçinin başqa rayonlardan aldıqları ərzaqları (düyü, şabalıd, qoz, fındıq və s.) kəndlərdə, Ağsu, Ağdaş, Kürdəmir və s. bazarlarında satır, sonra yenidən köçə başlayırdılar. Hər tayfanın öz köç marşrutu vardı. Məsələn, Ağsu domları Ağsu, İsmayıllı, Qəbələ istiqamətində köç edirdilər. Ağdaş ərazisində yaşayan domlar İrəvandan, Kəlbəcərdən, Şərurdan belə gəzmiş, Göygölün üstündə alaçıqlar qurmuş, yayı isə Şəki şəhərində keçirmişlər.
Domlar on, on iki metr uzunluğunda, beş metr enində alaçıqlarda qalırdılar. Alaçığın ortasında ocaq qalayırdılar. Qışda havalar soyuq keçdikdə soyuqdan donmaması üçün mal-qaranı da çadırın içərisinə salırdılar. Köçəri həyat onları o qədər möhkəmləndirmişdi ki, domların arasında xəstə adama çox nadir hallarda rast gəlinirdi.
- Əsas məşğuliyyətləri nədir?
- Harada yaşamalarından asılı olmayaraq domların məşğul olduğu sahələr demək olar ki, eynidir: ənənəvi sənətkarlıq, ticarət, musiqi və rəqs, heyvan əhliləşdirmək, fala baxmaq və dilənçilik. Dilənməyə ancaq yaşlı qadınlar gedirdi. Qadınlar dilənməyə gedərkən kişilər onlara axşama kimi möhlət verirdilər. Dilənməyə iki-iki, üç-üç gedilir, əldə edilən pullar da kişiyə verilirdi. Kişilər əsasən ələkçilik, xəlbirçilik, alver, musiqi, küçə aktyorluğu və ovsunçuluqla, qadınlar isə dilənçilik, falçılıq, çöpçülük və baxıcılıqla məşğul olmuşlar.
- Bir çağlar qaraçı ələyi adla tanınırdı...
- Düzdür, qaraçı ələyi keyfiyyətinə, toxunuşuna görə digər ələklərdən seçilir. Ələyin tor hissəsi vaxtilə at yalından hazırlanırdı. Atın tükünü yerli camaatdan alır, onu sabunla yuyub təmizləyirdilər. Toxunuşuna görə ələyin iki növü var: yalınqat və cütqat ələk. Yalınqat ələklər bir qat, cütqat ələklər isə ikiqat at tükündən toxunurdu.
- Qaraçı musiqisi və rəqsi də dünyada məşhurdur...
- Domlar hansı ölkədə yaşamalarından asılı olmayaraq musiqi və rəqslə məşğul olublar. Onların arasında vaxtilə gözəl kamança, saz ifaçıları olub. Bərdə domlarının ağsaqqalı Hətəm kişi gözəl saz ifaçısı idi, aşıq Ədalətlə bir yerdə saz ifa etmişdi. Bərdə domlarından aşıq Qənbər, aşıq İbrahim, Ağdaş domlarından Hüseynqulu kişi, bu gün Dəliməmmədlidə yaşayan aşıq Paşa gözəl saz ifaçıları olublar. Domların arasında ən məşhur saz ifaçısı Qaraçıoğlu İbrahim (İbrahim Əliyev) olub, 1928-ci ildə aşıqlar qurultayının təşkilində yaxından iştirak edib.
- Domların başlıca etnik özəllikləri hansılardır?
- Yaşadıqları ölkənin dilini, dinini, adət-ənənəsini qəbul etməsi bir xalqın assimilyasiya olunması üçün yetərincə tutarlı amillərdir. Amma buna rəğmən onlar öz kimliklərini qoruyub saxlayıblar. Domlar yerli əhali ilə nə qədər eyni dili, adət-ənənəni daşısalar da, heç vaxt özünü yerli əhalidən saymayıblar. Başqa xalqlara “tayı” deməklə özlərini onlardan fərqləndiriblər.
Domlar arasında təhsil, savadlılıq aşağıdır. Qız uşaqlarını çox erkən yaşlarında ad eləyirlər, sonra onları məktəbə buraxmırlar. Oğlan uşaqlarını adətən, doqquzuncu sinfə qədər oxudurlar. Ağdaş rayonunda yaşayan domlar 8 saylı orta məktəbə gedirlər. Bu məktəbi ötən il cəmi iki nəfər bitirib, hazırda isə 11-ci sinifdə cəmi bir dom uşağı oxuyur.
- Onların dilləri haqqında nə demək olar?
- Domların əsas danışıq dili Azərbaycan dilidir. Onlardan toplanan folklor materialı və dilinin təhlili göstərir ki, domlarda vahid bir dialekt yoxdur, hər kəs məskunlaşdığı bölgənin, ərazinin ləhcəsinə uyğun danışır. Öz aralarında istifadə etdikləri dom dili var. Bu dildə leksik şəkilçi, özünəməxsus qrammatik şəkilçilər yoxdur. Sözlər arasındakı qrammatik əlaqələr Azərbaycan dilinin şəkilçiləri hesabına yaradılır, cümlələr dilimizin sintaktik quruluşu əsasında qurulur. Dom dilinin o qədər də güclü söz ehtiyatı yoxdur. Bu dilə aid 200-ə qədər söz, ifadə və cümlə yazıya almışam, bir qədər də geniş toplanılsa, bu dilə məxsus sözlərin sayı 500-600 olar.
S.Qaliboğlu