Martın 7-də Bakıdakı Xətai Sənət Mərkəzində “Qadınların dünyada rolu” adlı rəsm sərgisinin açılışı keçirildi. Azərbaycan Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Azərbaycan Fotoqraflar Birliyi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil edilən sərgini giriş sözü ilə layihənin rəhbəri Elnurə İsgəndərova açaraq Beynəlxalq Qadınlar Gününün önəmindən, qadınların dünyada və həyatda əvəzsiz yerindən danışdı. 
   Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, general İsgəndər Allahverdiyev, polkovnik Hikmət Atayev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Qarabağ qazisi Anar Məmmədov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Xalq artisti Eldost Bayram və başqaları ölkəmizdə xanımların müxtəlif sahələrdə uğurlarından danışdılar, onları bu gün münasibətilə təbrik etdilər. 
   Tədbirin təşkilatçısı Aygün İsgəndərova sərgidə müxtəlif yaş qruplarını təmsil edən 100-dən çox rəssam və dekorativ-tətbiqi sənət ustasının qadınlara həsr etdiyi əsərlərin nümayiş olunduğunu bildirdi, iştirakçılara uğurlar dilədi. 
   Sonda iştirakçılar hədiyyə və diplomlarla təltif edildilər. 
   
   S.Qaliboğlu