“Bayatı-Şiraz” - muğam axşamı
Martın 7-də başlanan “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının zəngin proqramı var. Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində hər gün muğam axşamları keçirilir.
Martın 12-də sənətsevərlər “Bayatı-Şiraz” muğamını dinləyiblər. Muğam gənc xanəndə Arzu Əliyevanın ifasında səsləndirilib.
İfaçını Rövşən Qurbanovun bədii rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edib.
Qeyd edək ki, “Bayatı-Şiraz” yeddi əsas muğam dəsgahından biridir. Dahi bəstəkar Üzeyir Hacıbəyli “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.
“Cəngi” estrada folklor ansamblının konserti
Beynəlxalq festivalın daha bir konsert proqramı martın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında “Cəngi” estrada folklor ansamblının ifasında təqdim edilib.
Əvvəlcə tədbirin aparıcısı Rahib Azəri çıxış edərək Azərbaycanın milli dəyərlərinin təbliğində festivalın əhəmiyyətindən danışıb.
Sonra “Cəngi” ansamblı səhnəyə çıxıb. Musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini, muğam üstündə caz kompozisiyaları ifa ediblər. Konsert böyük maraqla qarşılanıb.
“Cəngi” qrupu xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyalar təqdim edir. Qrupu 1992-ci ildə tanınmış caz ustası, mərhum bəstəkar Rafiq Babayev yaradıb. 2002-ci ildən qrupun bədii rəhbəri Əməkdar artist Mircavad Cəfərovdur.
Ansambl müxtəlif musiqi festivallarında iştirak edir, tez-tez qastrol səfərlərinə çıxaraq Azərbaycan xalq musiqisini bütün dünyada təbliğ edir.
“Qaytağı”nın "Təəssürat"ı
Həmin gün Azərbaycan Milli Konservatoriyasında tanınmış qarmon ifaçısı, Xalq artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı "Təəssürat" konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi festivalın önəmindən söz açıb. Bildirib ki, müxtəlif ölkələrdən gəlmiş ifaçıların çıxışları muğamın nə qədər zəngin incəsənət növü olduğunu bir daha sübut edir. Rektor iranlı musiqiçi Farhad Faxraddinə 80 illik yubileyi münasibətilə mükafat təqdim edib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Xalq artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə Ələkbər Ələkbərov (tar), Emil Əfrasiyab (piano), Ramin Həsənov (skripka), Taleh Ağayev (elektro piano), Abbas Səfərov (nağara), Nicat Bayramov (zərb alətləri), Orxan Musayev (nəfəs alətləri) və Elcan Cəbrayılov (bas gitara) çıxış ediblər. Ansambl tərəfindən məharətlə ifa edilən kompozisiyalar, “Üç gündən bir, beş gündən bir”, “Uzun dərə”, “Lay-lay”, “Naxçıvan”, “Təəssürat”, “Nueva”, “Çahargah” rapsodiyası” və musiqi nömrələri maraqla qarşılanıb.