Aksiyada 84 şəhər və rayondan 3400-dək şagird iştirak edəcək
  
   Artıq beşinci ildir ki, orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Azərbaycanın müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.
   Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
   Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
   Ötən müddətdə ildə iki dəfə olmaqla 8 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyaların ümumilikdə 17 minə yaxıb iştirakısı olub.
   Martın 15-18 və 26-29 tarixini əhatə edəcək 9-cu tur-aksiyada 6 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara) 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından ümumilikdə 3400-dək şagird iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 20 mindən çox olacaq.
   Aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.