Müasir infrastruktur, xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin sadələşdirilmiş viza sisteminin tətbiqi ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasına zəmin yaradıb. Turist axını ölkəyə daxil olan vəsaitin də artmasına müsbət təsir edir.
Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi məlumatlara əsasən, respublikamıza gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 2017-ci ildə 1 milyard manatdan çox olub. Bu, 2016-cı illə müqayisədə 70 faiz artım deməkdir.
Ölkəmizə gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatlarının həcminə görə 2016-cı ildə iyun, noyabr, dekabr ayları, 2017-ci ildə iyul, avqust və sentyabr ayları daha çox fərqlənib. Təsadüfi deyil ki, 2017-ci ildə ölkəmizi ziyarət edənlərin də böyük hissəsi məhz iyul-sentyabrda gələnlərdir.
Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin sayı da artmaqdadır. Ötən il onların sayı artaraq 633-ə çatıb. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı isə 2017-ci ildə 686 olub. Dünyanın müxtəlif ölkələrində turizmin inkişaf tempi, ölkəyə gələn turist axını orta hesabla 5-7 faiz arasında dəyişir. Ötən il Azərbaycana gələn xarici turistlərin sayı isə 20 faiz artaraq indiyədək qeydə alınan ən yüksək göstəriciyə - 2,7 milyon nəfərə çatıb. Turistlərə göstərilən xidmətlərin çeşidinin və səviyyəsinin artırılması istiqamətində müvafiq işlər davam etdirilir.