Son zamanlar ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində turizm əlaqələri də genişlənir. Təşkilatın İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) ilə sıx əməkdaşlıq mövcuddur.
Komitənin maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-2015-ci illərdə “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm marşrutunun yaradılması layihəsi həyata keçirilib. Layihə COMCEC-ə üzv olan dörd ölkədə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, onları birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edib.
Mədəniyyət və Turizm Nazirliyi COMCEC-lə əməkdaşlığı müvafiq işçi qrupu səviyyəsində mütəmadi olaraq davam etdirir. Nazirlik 2017-ci ilin mayında COMCEC-in milli və işçi qruplar üzrə əlaqələndirici şəxslərinin beşinci illik koordinasiya iclasında, sentyabrda turizm üzrə işçi qrupunun “Turizm sektorunda risk və böhranların idarə olunması: İƏT-ə üzv ölkələrdə böhranların aradan qaldırılması”, bu ilin fevralında isə “İƏT-ə üzv ölkələrdə turizm destinasiyalarının inkişafı və təsisatlanma strategiyaları” mövzularında görüşlərdə iştirak edib. COMCEC İslam Əməkdaşlıq Təşkilatının dörd əsas daimi komitəsindən biridir. Komitə İslam ölkələri arasında çoxtərəfli iqtisadi və kommersiya əməkdaşlığı üçün əsas platforma rolunu oynayır.