Azərbaycan
   
   21 mart 1896 - Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896 - 20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarında çoxsaylı obrazlar yaradıb, “Səbuhi”, “Fətəli xan” filmlərində çəkilib.
   21 mart 1898 - Xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı (Talıbzadə; 1898-1967) anadan olub. Filmləri: “Onu bağışlamaq olarmı?” (Veysəl Mirzə), “Telefonçu qız” (professor).
   21 mart 1906 - Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Yazıçılar İttifaqının sədri (1941-1948) olub. 20-dən çox poemanın (“Komsomol poeması”, "Muğan", "Aygün" və s.), "Vaqif", "Fərhad və Şirin", “İnsan” və s. mənzum dramların müəllifidir. Rus dilindən ədəbi nümunələri dilimizə tərcümə edib. 
   21 mart 1914 - Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 -23.2.1983) anadan olub. 50 ilə yaxın Gənc Tamaşaçılar Teatrında çalışıb. “Sehrli xalat”, “Alma almaya bənzər”, “Babamızın babasının babası” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 
   21 mart 1924 - Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 1924 - 12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub. 
   
   22 mart 1854 - Maarifçi, şair, publisist Məhəmməd Tağı Sidqi (Məhəmməd Tağı Kərbəlayı Səfər oğlu Səfərov; 1854 - 9.12.1903) Ordubad rayonunda doğulub. Dərsliklər, qəzəllər, mənzumə və hekayələrin müəllifidir. Naxçıvan Dövlət Kukla Teatrı onun adını daşıyır.
   22 mart 1898 - Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 1898 - 21.9.1982) Lənkəranda anadan olub. “Qızmar günəş altında”, “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.
   22 mart 1900 - Xalq yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı", “Ağbulaq dağlarında” və s. əsərlərin müəllifidir. 
   22 mart 1909 - Xalq yazıçısı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub. "Səhər", "Abşeron", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır" (roman), «Alov», "Şamil" (pyes) və s. əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb. 
   22 mart 1913 - Xalq artisti Əlağa İsmayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. “Görüş” (Şıxəli), “O olmasın, bu olsun” (Məşədi İbad), “Qanun naminə” (Məmmədxan) və s. filmlərdə, televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb. 
   22 mart 1913 - Yazıçı-dramaturq, ssenarist Məhərrəm Əlizadə (1913-1983) anadan olub. "Gözün aydın", "Səndən mənə yar olmaz" və s. pyeslərin, “Kazbek qutusu” filminin ssenari müəllifidir.
   22 mart 1913 - Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (Mirzəyev Mirzə Bağır oğlu; 1913 - 11.12.2001) anadan olub. "Məni bağışla" , "O, mənim dostumdur", "Aydın yollarda" və s. roman və povestlərin müəllifidir.
   22 mart 1914 - Xalq artisti Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub. Teatr tamaşalarında, "Arşın mal alan" (1945, Vəli), “Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   22 mart 1917 - Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 - 18.3.1980) Dərbənddə anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb. “Nəsimi”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, "Uşaqlığın son gecəsi" və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   22 mart 1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.
   22 mart 1931 - Şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 - 30.6.1969) Göyçayda anadan olub. 
   22 mart 1933 - Xalq artisti Rübabə Xəlil qızı Muradova (1933-1983) Ərdəbildə doğulub. Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli ("Leylı və Məcnun"), Ərəbzəngi ("Şah İsmayıl") və s. 
   22 mart 1938 - Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 - 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. «Dalanda», “Qorxu” və s. romanların, “Köhnə bərə” filminin ssenari müəllifidir.
   
   23 mart 1920 - Bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (1920 - 8.2.1992) Şuşada anadan olub. İlk milli uşaq baletinin («Qaraca qız»), musiqili komediyaların, simfonik əsərlərin, mahnıların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.
   
   24 mart 1872 - Yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872 - 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
   24 mart 1938 - Xalq artisti, aktyor, rejissor Həsənağa Səttar oğlu Turabov (1938 - 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987-2001) edib. “Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qanlı zəmi” (“Atları yəhərləyin”) filminə quruluş verib.
   
   25 mart 1897 - Ədəbiyyatşünas, publisist, teatrşünas, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (1897 - 18.11.1994) Təbrizdə doğulub. 
   25 mart 1907 - Şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 - 14.1.1952) Bakıda doğulub. İstiqlal ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib. 
   25 mart 1933 - Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 - 15.12.1988) Bakıda anadan olub. «Bildirçinin bəyliyi», «Zarafatsız zarafat», «Hələlik», “Sonuncu məhəbbət” və s. komediyaların, satirik şeirlərin müəllifidir.
   
   Dünya
    
   21 mart Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə təsis edilib. 
   21 mart 1839 - Rus bəstəkarı Modest Petroviç Musorqski (1839-1881) anadan olub. “Boris Qodunov” operasının müəllifidir.
   
   22 mart 1394 - Böyük özbək astronomu, mütəfəkkir, sərkərdə Məhəmməd Taragay Uluqbəy (1394-1449) anadan olub. Əmir Teymurun nəvəsidir, Teymurilər dövlətinə başçılıq edib. Səmərqənd yaxınlığında məşhur rəsədxananı yaradıb.
   
   23 mart 1826 - Çex əsilli Avstriya bəstəkarı Lüdviq Minkus (Ludwig Minkus, 1826-1907) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir. 
   23 mart 1875 - Türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp; 1875 -25.10.1924) Diyarbəkirdə doğulub. 
   23 mart 1881 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard, 1881-1958) anadan olub.
   23 mart 1910 - Dünya şöhrətli yapon kinorejissoru Akira Kurosava (1910-1998) anadan olub. “Yeddi samuray”, “Dersu Uzala” və s. filmlərə quruluş verib.
   
   24 mart 1926 - İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo (1926-2016) anadan olub.
   
   25 mart 1611 - Türk səyyahı, coğrafiyaşünas, tarixçi, etnoqraf və şair Övliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-1682) İstanbulda doğulub. 10 cildlik “Səyahətnamə” əsərində dövrün mühüm tarixi, mədəni, etnoqrafik mənzərəsi əks olunub.
   25 mart 1897 - Fransız rejissoru, ssenarist, kino nəzəriyyəçisi Jan Epşteyn (Jean Epstein; 1897-1953) anadan olub. 
      
   Hazırladı: Vüqar Orxan