Ta qədimdən xalqımızın mifik yaddaşında yazın qışa, istinin soyuğa, işığın qaranlığa, xeyirin şərə qalib gəlməsinin rəmzi sayılan, adı yeni gün kimi anlaşılan Novruz bayramı bütün bayramlardan öz uzunmüddətli hazırlıqları ilə fərqlənir. 
   Novruz adətlərinə görə, bayram ərəfəsində bütün evlərdə, həyətlərdə yır-yığış, təmizlik işləri görülür. Maraqlıdır ki, bütün bu təmizlik, hazırlıq işləri sağlamlıq üçün də faydalıdır. Soyuq qış fəslində bir neçə aydan bəri havası dəyişdirilməyən otaqlar havalandırılır, yorğan-döşək, xalça-palaz günə verilir. Bütün bunlar artıq məişət sanitariya-gigiyenasıdır. Təbii ki, əcdadlarımız Novruz qabağı təmizlik işləri görəndə mikroblar, sağlamlıq üçün zərərli olan mikroorqanizmlər barədə heç nə bilmirdilər. Amma günəşin qüdrətinə sövq-təbii inandıqlarından bu işləri məhz Novruz ərəfəsində yerinə yetirməyə başlayıblar. 
   Qədimdə bütün evlər əhənglə ağardılardı. Biz indi əhəngin kimyəvi tərkibini açıqlamasaq da, burada da bir hikmətin olduğunu etiraf etməliyik. Uzun qış gecələrində evdə yandırılan qaz lampalarının, neft çıraqlarının hisi, şamların tüstüsü həm içərinin havasını ağırlaşdırırdı, həm də divarları, tavanı qaraldırdı. Tozu, hisi təmizləyib yenidən ağartmaqla həm evlərin görkəminə səliqə, gözəllik gətirilirdi, həm də ən başlıcası, evin havasını təmizləyir, xəstəliktörədici mikrobları məhv edirdilər. Həyətdəki ağacların gövdəsinin ağardılması da havaların istiləşməsilə üzə çıxan cücüləri məhv etməklə, ağacları da mikrobdan qorumaqla yanaşı, gözəllik, səliqə yaratmaqdır. 
   Azərbaycanın bölgələrində bişirilən ənənəvi Novruz şirniyyatı forma və dad etibarilə fərqlənsə də, onların tərkibi təxminən eynidir: kərəyağı, şəkər, bal, qoz, fındıq, badam, püstə. Bu seçimin də öz məntiqi izahı var: aprel ayı bizim iqlimdə ac ay hesab olunur. Ta may ayının ortalarınadək bizim təbiətdə göyərtidən başqa heç bir meyvə-tərəvəz təbii halda yetişmir. Qış fəsli boyunca isə orqanizmimiz ötən yay və payızda topladığı vitaminləri, mineralları, sağlamlıq üçün mühüm olan bir çox qiymətli maddələri «xərcləyib» bitirir. Elə bayram günlərində, bayramdan öncəki ilaxır çərşənbələrdə qoz-fındıqdan, meyvə qurusundan xonçaların tutulması, bayram günlərində bütün süfrələrdə təxminən eyni təamların düzülməsinin sağlamlıq üçün əhəmiyyəti var. Əvvələn, hər kəs qarşıdakı «ac» aya tablaşmaq üçün kalorili, enerji verən qüvvə toplayır, həm də psixoloji baxımdan qeyri-bərabərlik, maddi imkan baxımından sosial fərq hiss olunmur. 
   Biz bütün təbiətin təzələndiyi bahar fəslini əvvəlcə öz evimizə gətiririk. Cücərdilən səməni, eləcə də digər göyərtilər ilin əziz günlərinin yaxında olduğundan xəbər verir...
   Novruz - yeni gün deməkdir! Qoy həyatımızda baş verən hadisələr yeni günün təravətini ömrümüzə yazsın! 
   Canınız sağ, ruziniz bol, ömrünüz uzun, əzizləriniz salamat olsun! 
    
   G.Mirməmməd