“Bu xəstəxananın açılması ölkəmizin ümumi inkişafının göstəricisidir. Ancaq sürətli inkişaf edən ölkələrdə belə gözəl tibb ocaqları yaradılır. Hesab edirəm ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən qabaqcıl xəstəxanalarından biri olacaq, bəlkə də birincisi olacaq. Ümid edirəm ki, gün gələcək, turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər. Yəni, bu xəstəxanada yaradılan şərait belə imkanları təmin edir. Burada Azərbaycan vətəndaşlarına yüksək tibbi xidmət göstəriləcək. Ölkəmizə gələn qonaqlar da, əminəm ki, bu imkanlardan istifadə edəcəklər”. 
   Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri martın 27-də Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında deyib. 
   Dövlət başçısı bildirib ki, ən müasir standartlara uyğun qurulan bu xəstəxanada müalicə işində xarici mütəxəssislər də iştirak edəcəklər. Bu, təkcə Azərbaycanda deyil, regionda ən yaxşı tibb mərkəzidir. Bu cür səhiyyə ocaqları həm də ölkəmizdə tibbi turizmin inkişafı üçün mühüm zəmindir: “Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Ümidvaram ki, bizə tibbi məqsədlər üçün gələn turistlər də olacaq. Çox şadam ki, bu xəstəxanada əcnəbi və yerli mütəxəssislərin fəaliyyətlərinin çox mühüm vəhdəti var. Əlbəttə ki, yüksək səviyyəli mütəxəssislərin bu prosesdə fəal iştirakı daha çox pasiyent cəlb edəcək”.