Bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Şahdağ Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbilər də olub.
Turizm mərkəzinin satış və marketinq şöbəsindən bildirilib ki, Novruz bayramı ilə əlaqədar bayram proqramı və şənliklər martın 26-dək davam edib. Bu il bayram günləri üçün “Şahdağ”da yerləşən hotellərdəki yerlərin 80 faizdən çoxu əvvəlcədən sifariş verilib.
Rusiyada fəaliyyət göstərən turizm şirkətinin nümayəndəsi Timur Əhmədov bildirib ki, onların şirkəti vasitəsilə hər həftə Dağıstan Respublikasından Qusara onlarla turist gəlir: “Bizim şirkətə müraciət edən turistlər “Şahdağ”dan çox razı qalırlar. Burada xidmət səviyyəsi yüksəkdir. Kanatlar, xizək yolları turistlərin ürəyincədir. Həm də bizə məsafə baxımından çox yaxındır. Buna görə də tez-tez gəlirik”.
Şahdağ Turizm Mərkəzində dincələn kanadalı turist Aleksandr Kote Azərbaycana ailəsi ilə birlikdə gəlib. “Buranın təbiəti xoşuma gəldi. Gözəl və əyləncəli istirahət məkanıdır”, - deyə o bildirib.
Turizm mərkəzi Novruz günlərində də müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi qış əyləncələri qonaqların ixtiyarındadır.
Bayram günlərində Quba rayonuna gələn turistlər isə daha çox Qəçrəş istirahət zonasına üz tutublar. Quba Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, bayram günlərində rayona gələn turistlərin sayı adi günlərdəkindən 50-60 faiz çox olub. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.