Azərbaycan
   
   26 mart 1893 - Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 - 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Rusiya, Ukrayna, Gürcüstan teatrlarında çıxış edib. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 
   26 mart 1902 - Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902 - 5.2.1979) Şamaxıda anadan olub.
   26 mart 1910 - Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov, 1910-1970) Şəkidə anadan olub. Əsərləri: "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", “Nişanlı qız” (pyes), "Nina" (roman), "Vəfasız", "Son faciə" (povest) və s. “Arşın mal alan” (1945), "O olmasın, bu olsun”, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari, libretto müəllifidir.
   26 mart 1910 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (1910 - 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Teatr tamaşalarında (“Vaqif”, “Otello” və s.), kinofilmlərdə (“Fətəli xan” - Fətəli xan, “Qara daşlar” - İsmayılzadə, “Səhər” - Rəhim bəy, “Böyük dayaq” - Rüstəm kişi və s.) unudulmaz obrazlar yaradıb.
   26 mart 1926 - Tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev (1926-2013) Bakıda anadan olub.
   
   27 mart 1927 - Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 - 27.4.2007) Bakıda anadan olub. Dünyanın bir çox ölkələrinin mükafatlarına, o cümlədən Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
   27 mart 1930 - Şair, folklorşünas alim, professor Rüstəm Bayraməli oğlu Rüstəmzadə (1930-2014) Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.
   27 mart 1937 - Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937 - 2.11.1994) Bakıda anadan olub. “Gilas ağacı”, “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.
   27 mart 1986 - Görkəmli aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (2.1.1945 - 1986) vəfat edib. “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.
   
   28 mart 1895 - Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895 - 1.6.1989) Naxçıvan şəhərində doğulub. Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin professoru olub. Rus ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatı nümunələrini ruscaya tərcümə edib.
    28 mart 1886 - SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflisdə Azərbaycan teatrının inkişafında xidmətləri olub, Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilib.
   28 mart 1919 - Aktyor, rejissor, ssenarist Cahangir Aslanoğlu (Məmmədov; 1919-1998) anadan olub. "Gülmək cana faydadır", "Qarğa, məndə qoz var" və s. komediyaların, yumoristik hekayələrin müəllifidir.
   28 mart 1924 - Şair, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 1924 - 14.3.1992) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir, rus dilindən ədəbi nümunələri tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.
   
   29 mart 1873 - Şair Mirzəli Möcüz Şəbüstəri (1873-1934) Cənubi Azərbaycanda, Şəbüstər qəsəbəsində anadan olub.
   29 mart 1939 - Yazıçı-dramaturq Süleyman Sani Axundov (3.10.1875 - 1939) vəfat edib. Yazıçının “Qorxulu nağıllar” adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. 
   29 mart 1951 - Əməkdar incəsənət xadimi, professor Azad Sabir oğlu Əliyev (1951 - 30.3.2014) Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu Niyazi adına simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
    
   30 mart 1908 - Əməkdar incəsənət xadimi, rəssam Şamil Həsən oğlu Qazıyev (1908 - 13.7.1980) İrəvanda anadan olub.
   30 mart 1945 - Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə doğulub. “Qaraca qız”, “Dədə Qorqud”, “Bizim Cəbiş müəllim”, “İstintaq” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (1995-2000) olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir.
   30 mart 1949 - Opera müğənnisi, Xalq artisti Səfa Qəhrəmanov (1949 - 5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.
   
   Dünya
   
   26 mart 1874 - Amerikanın məşhur şairlərindən Robert Frost (1874-1963) San-Fransiskoda doğulub.
   26 mart 1911 - Amerika yazıçı-dramaturqu Tenessi Uilyams (Tennessee Williams, 1911-1983) anadan olub. Pyesləri: “Arzu” tramvayı”, “Şüşə qəfəs” və s. Əsərləri əsasında filmlər çəkilib.
   
   27 mart Dünya Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun (1948-ci ildən UNESCO nəzdində fəaliyyət göstərir) Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.
   27 mart 1871 - Yəhudi əsilli alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub. 1933-cü ildə Fransaya, oradan ABŞ-a köçüb. “Müqəddəs torpaq”, “İtaətkar”, “Kral IV Henrixin gənclik illəri” və s. romanların müəllifidir.
   27 mart 1952 - Fransız aktrisası Maria Şnayder (Schneider; 1952 - 3.2.2011) anadan olub. Filmləri: “Parisdə sonuncu tanqo”, “Peşəsi - reportyor” və s.
   27 mart 1963 - Amerika rejissoru Kventin Tarantino (Quentin Jerome Tarantino) anadan olub. "Quduz köpəklər", "Kriminal qiraət" və s. filmlərə quruluş verib, “Oskar”, “Qızıl palma budağı” (Kann festivalı) mükafatları laureatıdır. 
    
   28 mart 1868 - Rus yazıçı-dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; (1868 - 18.6.1936) anadan olub. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (roman); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyes) və s.
   28 mart 1483 - İtalyan rəssamı, qrafik, memar Rafael (Raffaello Santi, 1483-1520) anadan olub. Məşhur “Sistin madonnası” (“Madonna Sistina”) əsərinin müəllifi, Romadakı Müqəddəs Pyotr kilsəsinin memarıdır.
   28 mart 1925 - SSRİ Xalq artisti İnnokenti Mixayloviç Smoktunovski (1925-1994) anadan olub. Filmləri: “Hamlet” (Hamlet), “Avtomobildən qorun” (Detoçkin) və s.
   28 mart 1936 - Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2010) laureatı Mario Varqas Lyosa anadan olub. “Şəhər və itlər”, “Yaşıl ev”, “Kilsə”də söhbət”, “Keçi bayramı” və s. romanların müəllifidir. 
   
   29 mart 1735 - Alman yazıçısı, folklorşünas Yohan Muzeus (Johann Karl August Musaus; 1735-1787) anadan olub. 
   29 mart 1936 - Rus kinorejissoru, aktyor Stanislav Sergeyeviç Qovoruxin anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Voroşilov nişançısı” və s. filmlərə quruluş verib.
   29 mart 1949 - Türk musiqiçisi, bəstəkar, müğənni Kayahan Açar (1949 - 3.4.2015) İzmirdə doğulub.
   
   30 mart 1746 - İspan rəssamı, romantizmin parlaq nümayəndəsi Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes, 1746-1828) anadan olub.
   30 mart 1844 - Fransız şairi, ədəbiyyatda impressionizm və simvolizmin banilərindən biri Pol Verlen (Paul Marie Verlaine, 1844-1896) anadan olub. 
   30 mart 1853 - Holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh, 1853 - 29.7.1890) anadan olub. Məşhur əsərləri: “Qarğalarla taxıl sahəsi”, “Ulduzlu gecə”, “Günəbaxanlar” və s. Rəsmləri incəsənət hərraclarında rekord qiymətlərə satılır.
   
   Hazırladı: Vüqar Orxan