2017-ci ilin yanvar-dekabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlərin ümumi həcmi 12,8 milyard dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bunun 8,1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4,7 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 16%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 6% artıb. 2017-ci ilin yanvar-dekabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi bir il əvvəlin müvafiq dövrünə nisbətən 9% artaraq 5,7 milyard dollar təşkil edib.
2017-ci ilin yanvar-dekabr ayları ərzində turizm xidmətləri üzrə profisit 2016-cı illə müqayisədə 1,6 dəfə artaraq 353,4 milyon dollar (2016-cı ilin müvafiq dövründə 219,4 milyon dollar) təşkil edib. Xatırladaq ki, 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artaraq 2,7 milyon nəfərə çatıb.
Eyni zamanda xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2,7 milyard dollar məbləğində olub. Bunun 73%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Qeyd edək ki, 2017-ci il ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 4% azalıb.