Azərbaycan paytaxtına təşrif buyuran qonaqların ənənəvi bələdçisi olan “Baku Guide” kataloqunun yeni çapdan çıxan aprel sayı bahar əhvallı istirahət, mənalı və yaddaqalan səyahət üçün rəngarəng, faydalı informasiya və yazılarla zəngindir. “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr olunan kataloqda bu ay Bakıda, eləcə də ölkəmizdə keçiriləcək mühüm tədbirlər, paytaxtın, şəhərətrafının, həmçinin bölgələrimizin gəzməli-görməli məkanları haqqında məlumatlar yer alıb.
Bakıda 5-7 aprel tarixində təşkil olunacaq 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi, 27-29 aprel tarixində baş tutacaq Formula 1 Azərbaycan Qran-pri yarışması ilə bağlı materiallar da bələdçi kataloqda dərc edilib.
Nəşrdə həmçinin paytaxtımızın mədəni və işgüzar həyatı, aprel ayı üzrə teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur. Bir sözlə, Azərbaycana səyahət edən hər bir turistin, şəhərimizin hər bir qonağının Bakı haqqında öyrənmək istədiyi bilgilər bir ünvanda - “Baku Guide” bələdçisinin səhifələrində cəm olunub.
Nəşrin ənənəvi “Bakını kəşf et” bölməsi bu dəfə “Müasir memarlıq və Bakının qeyri-adi tikililəri” yazısı ilə açılır. Son illərdə paytaxtda inşa edilən və turistlərin marağına səbəb olan binalar - “SOCAR Tower”, “Flame Tower”, “SOFAZ Tower”, “Port Baku Towers” və “Azersu Office Tower” kimi göydələnlər haqqında məlumatlar şəhərin yeni arxitektura nümunələrini diqqətə çatdırır. Modern arxitektura örnəyi olan bu binalar qarşısında çəkilən fotolar hər bir səyahətçinin albomunun bəzəyi ola bilər.
Kataloqun bu bölməsində paytaxtın tarixi-mədəni və turistik panoramı təqdim olunur. “Özünəməxsus Bakı bazarları”, “Azərbaycanın yaz mətbəxi”, “Bakı parkları və şəhər təbiəti” sərlövhəli yazılar bir-birindən maraqlı mövzular barədə məlumat verir. Həzin Bakı küləyi, romantik dəniz, dadından doyulmayacaq milli şirniyyatlar və Azərbaycanın özünəməxsus meyvələri... Bütün bu ab-havanı sözügedən materiallardan duymaq olar.
Kataloqun maraqlı səhifələrindən biri də “Azərbaycanın yaz marşrutu”dur. Burada ölkənin dəyişkən iqlimindən söz açılır və yaz fəslində hansı bölgələrə səyahət etmək barədə faydalı məsləhət verilir. Qədim paytaxt Şamaxı, yoxsa bulaqlar, meşələr və dağlıq ərazi ilə bol olan İsmayıllı, bəlkə şabalıd və fındığın vətəni olan Qəbələ? Yaz marşrutunu özünüz seçin. İstəsəniz, nağıllar aləmini xatırladan Şəkiyə də səyahət edə bilərsiniz.
Kataloqda bu il Bakıda artıq üçüncü dəfə gerçəkləşəcək Formula 1 yarışmasının qonaqları - dünya estrada ulduzlarının konsertləri barədə də məlumat yer alıb. Ötən illərdəkindən fərqli olaraq, bu il Formula 1 azarkeşləri dünya ulduzlarının çıxışlarını möhtəşəm “Kristal Zal”da dinləyə və seyr edə biləcəklər. 27 aprel tarixində burada ilk olaraq səhnəyə fank musiqisinin məşhur siması olan “Jamiroquai” musiqi qrupu çıxacaq. 28 aprel tarixində bənzərsiz Kristina Aqulera, aprelin 29-da isə dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan Dua Lipa konsert verəcək.
Kataloqda həmçinin il ərzində nəzərdə tutulan mötəbər tədbirlərə xüsusi səhifə ayrılıb və Bakı Şopinq Festivalı (may), Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı (iyun), “Jara” estrada musiqisi festivalı (iyul), Bakı Caz festivalı (oktyabr) kimi tədbirlərin anonsu verilir.
“Bakı haqqında maraqlı faktlar”dan bəhs edən səhifə rəngarəng kataloqu vərəqləyən hər kəsin diqqətini çəkəcək. Burada qədim şəhərdə lentə alınmış məşhur kinofilmlərdən bəhs olunur.
Nəşr paytaxtda fəaliyyət göstərən muzeylər, teatrlar, konsert məkanları ilə tanışlığa da ətraflı imkan yaradır. Hər bir mədəniyyət ocağı haqqında yığcam məlumat turistlər üçün həm də geniş seçim imkanıdır. “Bakının musiqili axşamları” yazısı isə milli və xarici musiqilərin müşayiəti ilə nahar və şam etmək istəyənlərə ünvanlanıb.
Bir-birinə göz vurur, yerdə min büsat qurur Bakının ulduzları. “Yüksəklikdə yalnız ulduzlardır” başlıqlı yazıda Bakının ən gözəl mənzərəsini haradan və hansı məkandan seyr etmək, eyni zamanda həmin məkanda ləzzətli nahar və şam etmək barədə məlumat ala bilərsiniz.
“Brilyant əl” filminin çəkildiyi məkan, “Təzə bəy” hamamı, “Sevgi ağacı”... “Əsrarəngiz Bakı - bu məkanların sirrini yalnız baklılar bilir” yazısı səyahətçilərə şəhərin özünəməxsus tarixi ilə məşhur yerlərinin sirrini açır, onlar haqqında məlumat verir.
“Görməli yerlər və tarixi abidələr” bölməsi ənənəvi olaraq oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə və Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə dəvət edir.
Nəşrdə diqqətçəkən məqamlardan biri də dini məkanlar, ibadətgahlar haqqında məlumatlardır. Bu səhifə turistləri məlumatlandırmaqla yanaşı, həm də Azərbaycanın tolerant ölkə olduğunu bir daha diqqətə çatdırır.
Kataloqun sonunda, “İnfo-bələdçi” bölməsində turistlər üçün zəruri bilgilər, “ASAN Viza” və “Tax Free” xidməti haqqında informasiyalar, hotellərin, səfirliklərin, turizm informasiya mərkəzlərinin ünvan və telefonları təqdim olunur.