17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinin açılışı keçirildi
   
   Aprelin 5-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinin (“AİTF 2018”) açılışı oldu. Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılan AİTF ənənəvi “Bütün dünya - bir sərgi” şüarı altında keçirilir. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group” şirkətlərinin (Böyük Britaniya) təşkilatçılığı ilə gerçəkləşir. AİTF eyni zamanda Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı tərəfindən dəstəklənir. Bu il sərginin fəxri qonaq ölkəsi Bolqarıstandır. Qeyd edək ki, açılış mərasimində DTT-nin baş katibi Zurab Pololikaşvili və Bolqarıstan turizm nazirinin müavini İrena Georgiyeva da iştirak edirdi.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AİTF sərgisinin 17 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platformasına çevrildiyini dedi. Ölkəmizdə turizm sənayesinin dinamik inkişafından bəhs edən nazir bildirdi ki, son illər bu istiqamətdə dövlət başçısı tərəfindən mühüm qərarlar qəbul olunub. Bunun nəticəsidir ki, ötən il ölkəmizə gələn turistlərin sayında 20 faiz artım müşahidə edilib. 2018-ci ilin ilk üç ayında isə Azərbaycana gələn turistlərin sayında 12, 5 faiz artım qeydə alınıb.
   Diqqətə çatdırıldı ki, bir sıra ölkələrin vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması Azərbaycana səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Bu qəbildən ölkələrin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.
   “AİTF 2018”in əhəmiyyətindən söz açan Əbülfəs Qarayev bildirdi ki, sərgi ötən illərdə regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib. Builki sərginin də bu ənənələrin nümayişi üçün böyük imkanlar açdığını dilə gətirən nazir beynəlxalq tədbirin işinə uğurlar arzuladı. 
   
   “Beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycana daha çox turist cəlb edəcək”
   
   Tədbirdə çıxış edən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirdi ki, 2017-ci il Azərbaycan turizm sektorunun inkişafı üçün çox gözəl il olub: "Keçənilki artıma görə Azərbaycan hökumətini təbrik edirəm. Mən görürəm ki, bu sərgidə iştirak edən ölkələrin sayının artması Azərbaycana olan marağı daha bariz ifadə edir. Düşünürəm ki, bu sektorun inkişafı üçün qadınlara və gənclərə imkan yaradılması vacib məsələlərdən biridir. Yeni texnologiyaların tətbiqi bu sahənin daha da irəli getməsinə gətirib çıxaracaq. Beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycana daha çox turist cəlb edəcək və turistlər Bakının necə gözəl şəhər olduğuna özləri şahid olacaqlar”.
   Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva ölkəsinin Qafqazın ən böyük sərgisi sayılan “AİTF”in tərəfdaşı olmasından məmnunluğunu dilə gətirdi: “Sərgi çərçivəsində reallaşacaq görüşlər iştirakçı dövlətlər arasında turizm sahəsində əlaqələrə təsir göstərəcək. Əməkdaşlığımızın nəticəsi olaraq bu ilin yanvarında Bakı-Sofiya aviareysi açılıb. Bu da öz növbəsində ikitərəfli turizm axınlarına müsbət təsirini göstərməkdədir. Ötən il Azərbaycandan Bolqarıstana səfər edən turistlərin sayı 3300, ölkəmizdən Azərbaycana səfər edən turistlərin sayı isə 2100 nəfər olub. Ölkələrimizin böyük turizm potensialı var və biz bu potensialdan daha səmərəli istifadə edərək qarşıdakı illərdə turist səfərlərini artıra bilərik”.
   
   Sərgidə 20 ölkə təmsil olunur
   
   Təşkilatçı “İTE Group” şirkətinin regional direktoru Edvard Stroon tədbirə qatılmasından məmnunluğunu ifadə etdi, “AİTF 2018” sərgisi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, sərgidə 20 ölkədən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il həmçinin Şərqi Yava (İndoneziya) sərgidə debüt edir. Ziyarətçilər sərginin davam etdiyi üç gün ərzində 90-dan çox xarici turizm istiqaməti və ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir.
   Tibbi və sağlamlıq turizmi sektoru geniş təqdim olunur. Bu sektordan Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən tibb mərkəzləri, klinika, sağlamlıq ocağı və sanatoriyalar sərgidə iştirak edir.
   E.Stroon vurğuladı ki, sərgi stendlərində Bakıda keçiriləcək növbəti Şopinq festivalı barədə də ətraflı məlumat veriləcək. 
   * * *
   Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış oldular. Hər zaman olduğu kimi, bu il də paytaxt və bölgələrin turizm potensialı sərgidə geniş şəkildə təqdim olunur. 
   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası (AZTA) sərgidə ayrıca stendlə iştirak edir. AZTA-nın stendi həm ölkəmizdə, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirir. Sərgidə İsmayıllı, Lənkəran, Masallı, Şəki, Xaçmaz və Sumqayıt regional mədəniyyət və turizm idarələrinin stendləri qurulub. Qarabağın mədəni-tarixi irsi də sərgidə nümayiş olunur. 
   Artıq ikinci ildir ki, “ASAN Viza” - elektron viza portalı sərgidə öz stendi ilə iştirak edir. Bu stend vasitəsilə Azərbaycanda elektron vizanın alınmasının bütün incəlikləri və üstünlüklərini öyrənmək mümkündür.
   Bakının tarixi mərkəzi olan qədim İçərişəhərdə turizmin inkişaf imkanları Nazirlər Kabineti nəzdində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nümayiş etdirilir. 
   Beynəlxalq tədbir günlərində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması üçün geniş imkanlar yaradacaq seminarın keçirilməsi nəzərdə tutulur.
   Sərgi çərçivəsində 12-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi (“Horex Caucasus 2018”) də start götürüb. 
   “AİTF 2018” sərgisi aprelin 7-dək davam edəcək.
   
   Fariz Hüseynov