Azərbaycan
   
   11 aprel 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə doğum günü kimi 2, 7 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir. 
    11 aprel 1914 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: "Şimal küləyi", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Madam Qədri" və s. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
   
   12 aprel 1866 - Teatr və maarif xadimi Əbülqasım Sultanov (1866 - 1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib, “Ədəbi nümunələr müntəxəbatı”nı (XIX-XX əsrlər) tərtib edib.
    12 aprel 1889 - Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Mövsüm ağa Seyid İbrahim oğlu; 1889 - 1.10.1965) Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonunun kəndi) anadan olub. 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb, 30-60-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
   12 aprel 1903 - Azərbaycan mətbuatının, ictimai fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim Məhəmməd ağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı burada dərc olunub. Qəzet iki il nəşr olunub.
   12 aprel 1907 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 - 5.10.1982) anadan olub. "Kitabi-Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
   12 aprel 1912 - Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 - 3.12.1996) anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır, ömrünün sonunadək burada çalışıb. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.

    13 aprel 1918 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1918 - 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.
   13 aprel 1929 - Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 - 2.11.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   13 aprel 1946 - Rejissor, Xalq artisti Ramiz Həsənoğlu (Mirzəyev) İrəvan şəhərində doğulub. "Ötən ilin son gecəsi", "Topal Teymur", "Ac həriflər", “Nigarançılıq” və s. teletamaşalara, "Cavid ömrü", “Sübhün səfiri” filmlərinə quruluş verib.
   
   Dünya
    
   11 aprel 1894 - Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub. 
   11 aprel 1914 - Kanada kinorejissoru və rəssamı, multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.
   
   12 aprel 1928 - Məşhur gürcü opera müğənnisi, SSRİ Xalq artisti Zurab Ancaparidze (1928 -12.4.1997) anadan olub.
   12 aprel 1956 - Kuba əsilli Amerika kinoaktyoru Endi Qarsia (Andy Garcia - Andres Arturo Garcia Menendez) anadan olub. “Xaç atası -3”, “Qara yağış” və s. filmlərdə çəkilib. 
   12 aprel 1823 - Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.
   
   13 aprel 1883 - Rus bəstəkarı və dirijoru Aleksandr Aleksandrov (1883-1946) anadan olub. Keçmiş SSRİ-nin dövlət himninin musiqisinin, populyar vətənpərvərlik mahnılarının (“Müqəddəs müharibə” və s.) müəllifidir. Sovet Ordusu mahnı və rəqs ansamblının bədii rəhbəri olub. 
    13 aprel 1906 - İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. Absurd teatrının yaradıcılarındandır. Əsərləri: “Qodonun intizarında”, “Oyunun sonu” (pyes), “Molloy”, “Adsız” (roman). Bəstəkar Fərəc Qarayev yazıçının “Qodonun intizarında” əsərinə musiqi yazıb.
   13 aprel 1939 - İrland şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1995) laureatı Şeymas Hini (Seamus Justin Heaney) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan