Dubayda turistlər tərəfindən də böyük maraqla qarşılanan istehlakçı hüquqlarının “ağıllı” müdafiəsi xidməti istifadəyə verilib. Alış-veriş edənlər Android və İOS əməliyyat sistemli mobil telefonlara müvafiq əlavəni yükləməklə xidmətdən istifadə edə bilərlər.
Dubay İqtisadi İnkişaf Departamentinin yaydığı məlumata görə, yeni xidmət gecə-gündüz şikayətləri fasiləsiz qəbul edir və tam məlumatın toplanılması üçün zəruri suallar verir. Bir neçə dəqiqə ərzində istehlakçı şöbədən şikayətin təfsilatının və təlimatın göstərildiyi məktub alır və bundan sonra satıcıya məktubu təqdim edə bilər. Şirkət və ya satıcı bu cür məktubu aldığı gündən başlayaraq yeddi gün ərzində zəruri tədbir görməlidir. Satıcı məktubdakı tələblərə əməl etməsə, istehlakçı bu barədə müvafiq xidmətə təkrar məlumat verə bilər və şöbə satıcı barədə zəruri tədbir görə bilər, o cümlədən cərimə sanksiyaları tətbiq edə bilər.