Polşalı gənc arxeoloqlar İsrailin Neqev səhrasında tədqiqata başlayan ilk Avropa qrupudur. Tədqiqat dron (pilotsuz uçan aparat) vasitəsilə aparılır. Söhbət eramızdan əvvəl II əsrə aid qədim şəhərin xarabalıqlarının müasir və eyni zamanda ucuz başa gələn yolla öyrənilməsindən gedir.
   İdeyanın müəllifi - Krakovda Yaqellon Universitetinin aspirantı Matsey Vatslavik dronun daha dəqiq məlumat əldə etmək imkanı verdiyini bildirib. O deyib: “Dronun köməyilə biz yarım saat və ya bir saat müddətində tədqiqat aparılan ərazinin üzərindən keçər və yaxşı görüntü əldə edərik. Əvvəllər yerüstü metodla buna təxminən 2 həftə lazım gələrdi. İndi bizi başqa perspektiv gözləyir və təsviri qrunt səviyyəsindən deyil, 90 dərəcəlik bucaq altında yüksəklikdən əldə edirik”.
   Neqevanın şimalındakı qədim Nabatey şəhəri vaxtilə karvanların keçdiyi iki yol arasında salınmışdı. Şəhər sonralar romalılar tərəfindən dağıdılıb.
   
   Bəhruz