Aprelin 16-da Mədəniyyət və Turizm Nazirliyində “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” adlı layihə çərçivəsində dəyirmi masa keçirildi.
Ölkəmizdə aqroturizmin (kənd turizmi) inkişaf etdirilməsini nəzərdə tutan layihəni Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi həyata keçirir.
Nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov tədbirdə çıxış edərək ölkəmizdə turizm sənayesində atılan addımlardan danışdı. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlar, həyata keçirilən infrastruktur layihələri sektorun inkişafını təmin edib. Ölkədə müxtəlif turizm növləri üzrə yüksək səviyyədə fəaliyyət göstərən müəssisələr var. Bu da xarici turist sayının artmasına müsbət təsir göstərir.
Qeyd olundu ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə kənd turizminin inkişafını təmin etmək üçün qarşıya bir sıra məqsədlər qoyulub. “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən kənd yerlərində turizmin inkişafı üçün bir sıra layihələr icra olunub və bu istiqamətdə işlər davam etdiriləcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyat şöbəsinin rəhbəri Jeroen Villems qeyd etdi ki, qurum Azərbaycanda regionların inkişafı üçün bir sıra layihələrə maliyyə dəstəyi verir. Aqroturizmin dəstəklənməsi bu istiqamətdə layihələrin davamıdır: “Turizm sənayesinin vacib qollarından biri də aqroturizmdir. Bu turizm növü Avropada geniş yayılıb. İnanırıq ki, Azərbaycanda da geniş inkişaf edəcək. Çünki aqroturizm regionların, kənd yerlərinin inkişafına, bu sahə ilə məşğul olan insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir”.
Bildirildi ki, Aİ Azərbaycanın regionlarının inkişafı ilə bağlı həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti təşkilatları ilə sıx işləyir. Həyata keçirilən proqramlar bundan sonra da davam etdiriləcək.
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə haqqında ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, layihənin məqsədi Azərbaycanın 8 rayonunda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Salyan, Cəlilabad, Lənkəran) aqroturizmin inkişafını dəstəkləməklə kənd yerlərinin inkişafına nail olmaqdır: “Aqroturizm ölkəmizdə təşəkkül tapan yeni turizm növüdür. Biz həm turizmlə, həm də kənd təsərrüfatı ilə məşğul olan sahibkarların birgə fəaliyyətini təşkil edib, bu sahəni inkişaf etdirməyi düşünürük. “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” layihəsi 32 ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində hər rayonda bir nümayiş fermer təsərrüfatı yaradılacaq. Həmin təsərrüfatlar üçün lazım olan bütün maddi-texniki imkanlar bu layihə tərəfindən təmin olunacaq”. Qeyd olundu ki, turistləri aqroturizmə cəlb etmək üçün bu sahə üzrə portalın yaradılması da nəzərdə tutulub.
Sonra layihə tədbir iştirakçılarına təqdim olundu.
Aqroturizmin inkişafı ilə bağlı təkliflər ətraflı müzakirə edildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Bildirək ki, aqroturizm kənd yerində, kənd evlərində yaşamaqla yerli əhalinin məişəti ilə yaxından tanışlığa imkan yaradır. Bu səyahət növü İtaliya, İspaniya, Fransa və s. ölkələrdə xüsusilə inkişaf edib. Həmin ölkələrdə çox sayda özəl kənd mehmanxanaları şəbəkəsi yaranıb, yüzlərlə marşrut hazırlanıb. Azərbaycanın ənənəvi kənd təsərrüfatı rayonlarının zəngin mədəni-tarixi irsindən əlavə, aqroturizmin inkişafı üçün vacib amil olan xalqımızın yüksək qonaqpərvərliyi və zəngin milli mətbəxinin olmasıdır.
Dəyirmi masada Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, Avropa İttifaqının Regionların İnkişafı Proqramının rəhbəri Ramilə Aslanova və sahə üzrə mütəxəssislər iştirak edirdi.
Fariz Hüseynov