Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Nazim oğlu Eminov Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Elm və inkişaf məsələləri üzrə prorektoru təyin edilib. Aprelin 12-də nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Elm sektorunun müdiri Vüqar Məmmədovun iştirakı ilə yeni prorektor ATMU kollektivinə təqdim edilib.
Anar Nazim oğlu Eminov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsində beynəlxalq ticarət ixtisası üzrə bakalavr təhsili alıb. 2006-cı ildə Türkiyənin Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda beynəlxalq biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini başa vurub, 2012-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda dissertasiya müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2010-cu ildən ATMU-da Turizmdə menecment və marketinq kafedrasında müəllim, baş müəllim, 2013-cü ildən isə Marketinq kafedrasının müdiri vəzifəsində çalışıb. 2016-cı ildən kafedranın dosentidir.
Hazırda elmlər doktoru proqramı üzrə təhsilini başa vurmaq üzrədir, yerli və beynəlxalq elmi jurnallarda çap edilmiş 70-dək məqalə, 1 monoqrafiya və 4 dərs vəsaitinin müəllifidir. Rus, ingilis və türk dillərini bilir.