Azərbaycan
17 aprel 1884 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (1884 - 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operasının, "Əlli yaşında cavan" musiqili komediyasının müəllifidir.
17 aprel 1899 - Türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə anadan olub. Azərbaycanın sovetləşməsindən sonra Türkiyəyə gedib. İstanbul Universitetində çalışıb, Türkiyədə azərbaycanlı diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.
17 aprel 1924 - Kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rzayev (1924-1978) İrəvanda doğulub. Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini olub.
17 aprel 1928 - Vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 - 22.1.2008) Sabirabad rayonunda doğulub. Opera və Balet Teatrında baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
18 aprel 1873 - Görkəmli xanəndə, muğam ustası Məcid Behbudalı oğlu Behbudov (1873 - 6.9.1945) Şuşada anadan olub. Tiflisə köçüb, musiqi məclislərində iştirak edib. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb, orada vəfat edib. Böyük müğənni Rəşid Behbudovun atasıdır.
18 aprel 1897 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 - 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəylinin "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Konservatoriyada dərs deyib.
18 aprel 1991 - Tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934, Bakı - 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.
19 aprel 1907 - Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 - 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.
19 aprel 1920 - Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 - 5.12.1996) Zaqatalada anadan olub. «Nəğməli könül», «Məhəbbət olmayanda», uşaqlar üçün “Lalənin kitabı», «Atlas yarpaqlar» və s. kitabların müəllifidir.
19 aprel 1905 - Məşhur memar Mikayıl Ələsgər oğlu Hüseynov (1905 - 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.
20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894 - 14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan” (1945), "Onu bağışlamaq olarmı?" və s. filmlərin rejissorudur.
20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub.
20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907 - 6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında", "Natəvan" poemaları, “Xaqani" mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
20 aprel 1916 - Xalq artisti Nəsibə Cahangir qızı Zeynalova (1916 - 10.3.2004) anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb. "Ögey ana", "Böyük dayaq", “Qanun naminə”, "Qayınana", “Yuxu” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
20 aprel 1920 - Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920 - 7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən "Gözəllər gözəli", "Aycan", "Dovşanın ad günü" və s. pyeslərin müəllifidir.
20 aprel 1926 - Tarzən Əlikram Həsən oğlu Hüseynov (1926-2006) anadan olub. Opera və Balet Teatrının orkestrində çalışıb, bir çox rəqslərimiz onun instrumental ifasında lentə alınıb.
20 aprel 1929 - Yazıçı, filologiya elmləri doktoru Çingiz Hüseyn oğlu Hüseynov anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş” və s. romanların müəllifidir. Moskvada yaşayır, Moskva Dövlət Universitetinin Filologiya fakültəsində dərs deyib.
20 aprel 1959 - Xalq artisti Zemfira Əli qızı Nərimanova Bakıda doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Otel otağı”) maraqlı rollar oynayıb.
Dünya
17 aprel 1894 - Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.
17 aprel 1897 - Norveç bəstəkarı Harald Severud (1897-1992) anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.
18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər günü”dür (The International Day for Monuments and Sites). 1983-cü ildə UNESCO yanında Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib.
18 aprel 1819 - Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. “Yüngül kavaleriya”, “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.
18 aprel 1917 - SSRİ Xalq artisti Georgi Vitsin (1917 - 22.10.2001) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı...”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi” və s.
19 aprel 1832 - İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904) Xose Eçerqay-i-Eysagirre (Jose Echegaray y Eizaguirre; 1832-1916) anadan olub. 60-dan çox dram əsərinin yarısını nəzmlə (şeir formasında) yazıb. İspaniya parlamentinin deputatı olub, nazir vəzifələrində işləyib.
19 aprel 1900 - Rus rejissoru, SSRİ Xalq artisti Aleksandr Ptuşko (1900-1973) anadan olub. “Ruslan və Lyudmila”, “Qızıl açar” və s. uşaq filmlərini çəkib.
19 aprel 1900 - İngilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes, 1900-1976) anadan olub. İlk radiopyeslərin, “Yamayka üzərində tufan”, “Təhlükədə” və s. romanların müəllifidir.
20 aprel 1943 - İngilis dirijoru Con Eliot Qardner (John Eliot Gardiner) anadan olub. Boston simfonik orkestrinə, Vyana filarmoniya orkestrinə rəhbərlik edib.
20 aprel 1949 - Amerika aktrisası Cessika Lenq (Jessica Lange) anadan olub. İki dəfə “Oskar” mükafatına (“Tutsi”, “Mavi səma”) layiq görülüb. Digər filmləri: “Kinq-Konq”, “Poçtalyon iki dəfə zəng çalır” və s.
Hazırladı: Vüqar Orxan