İki ölkənin turizm şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb
   
   Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Bakı şəhərində Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
   Sağlamlıq turizmi sahəsində ixtisaslaşan bu şirkətlər ilk mərhələdə Çindən Azərbaycana 2 min nəfərə yaxın turistin səfərini təşkil etmək niyyətindədirlər. Yerli bazarı araşdıran çinli mütəxəssislərin rəyinə görə, bu ölkə vətəndaşlarını daha çox Naftalan sanatoriyaları cəlb edəcək. 
   Milli Turizm Təbliğat Bürosundan verilən məlumata əsasən, turpaketlər 12 gün müddətinə nəzərdə tutulub və bu müddət ərzində çinli turistlər Bakı və Naftalanda olacaqlar. 
   Çinli mütəxəssislər vurğulayıb ki, il ərzində ölkənin təxminən 1 milyon vətəndaşı sağlamlıq turizmi məqsədilə xaricə səfər edir. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir.
   Qeyd edək ki, əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz turpaketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni saziş isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur.
   Milli Turizm Təbliğat Bürosunda Çin bazarının prioritet istiqamət olduğunu bildirirlər. Ötən ildən Azərbaycanın turizm potensialı bu ölkədə daha intensiv təbliğ edilir. Azərbaycana Çindən sosial media jurnalistləri, bloqerlər, turagentlər dəvət edilir, çinli tərəfdaşlarla geniş layihələr qurulur. Məhz bunun nəticəsi olaraq yeni saziş də ərsəyə gəlib.
   2017-ci ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 10258 nəfər təşkil edib.