“Tell Me Why” mahnısı Qarabağ müharibəsi qurbanlarına ithaf olunub
   
   Aprelin 16-dan 22-dək İtaliyanın San-Remo şəhərindəki məşhur “Teatro Ariston” konsert zalında keçirilmiş gənc istedadların 20-ci “San-Remo Junior” beynəlxalq musiqi müsabiqəsində ölkəmiz də təmsil olunub. 
   Bakı şəhəri T.Quliyev adına 12 nömrəli onbirillik Uşaq musiqi məktəbinin və Bakı Oksford məktəbinin şagirdi, Prezident təqaüdçüsü 12 yaşlı Fidan Hüseynova müsabiqədə uğurla çıxış edərək üçüncü yerə layiq görülüb. 
   Ölkəmizin bu mötəbər yarışmada iştirakı İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Milan Konservatoriyasının müəllimi Mais Nuriyevin təklifi əsasında baş tutub. Fidan Hüseynova Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü, Azərbaycan Dövlət Akademik Filarmoniyasının köməyi ilə gənc istedad kimi seçilərək müsabiqəyə göndərilib. 
   Təmsilçimizin ifa etdiyi “Tell Me Why” mahnısı müharibələrin günahsız qurbanları, həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş, valideynlərini itirmiş, əlil olmuş uşaqlara həsr olunmuş videokompozisiya ilə müşayiət edilib və geniş rezonans doğurub.