Görkəmli kino rejissoru, Özbəkistanın və SSRİ-nin Xalq artisti Şöhrət (Şuhret) Abbosov aprelin 25-də 87 yaşında vəfat edib.
   Ş.Abbosov 1931-ci il yanvarın 26-da Fərqanə vilayətinin Kokand şəhərində dünyaya gəlib. 1949-cu ildə Daşkənd Tibb Texnikumunu, 1954-cü ildə A.N.Ostrovski adına Daşkənd Dövlət Teatr Sənəti İnstitutunu (indiki Özbəkistan Dövlət İncəsənət İnstitutu), 1958-ci ildə "Mosfilm"in nəzdindəki Ali rejissorluq kurslarını bitirib. 
   1954-1956-cı illərdə M.Uyğur adına Daşkənd vilayət Musiqili Dram Teatrının baş rejissoru, 1958-1991-ci illərdə "Özbəkfilm" kinostudiyasında rejissor işləyib, 1982-1986-cı illərdə isə kinostudiyanın direktoru olub. 
   Adı quruluşçu rejissor kimi 11 bədii filmin titrlərinə yazılmış Ş.Abbosovu daha çox tanıdan "Bütün məhəllə bundan danışır", "Sən yetim deyilsən", "Daşkənd - çörəkli şəhərdir" filmləri olub. Bu ekran əsərləri bütün ittifaqda böyük şöhrət gətirmişdi. 

G.Mirməmməd