İyirmi ildən bəri dünyada ən çox baxılan musiqili tamaşa kimi reytinqlərin ilk pillələrindən düşməyən "Notr-Dam dö Pari" müzikli Astanada qazax dilində nümayiş olunacaq. Bəstəkar Rikkardo Koççantenin Kanada-Fransa birgə layihəsi olan "Notr-Dam dö Pari" müziklinin "Astana Müzikl" tərəfindən tamaşaya qoyulması planlaşdırılır. Müziklin premyerası bu ilin noyabr ayında baş tutacaq. 
   Bu barədə ölkənin mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı ilə "Notr-Dam dö Pari" müziklinin baş prodüseri Nikolya Talar arasında görüşdə bildirilib. Layihə "Romeo və Cülyetta" müziklini uğurla səhnələşdirmiş "Astana Müzikl" Dövlət konsert təşkilatına həvalə edilib. 
   Librettosu Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının süjeti əsasında qurulmuş müzikl səhnəyə çıxdığı ilk ildəcə böyük uğur qazanıb. Qazax dili indiyədək 9 dilə çevrilmiş müziklin "danışdığı" onuncu dil olacaq. Mətnin tərcüməsi üzərində iş iyun ayında başlayacaq. Astana quruluşunda tamaşaçılar "Belle" ("Gözəl") və "Danse, mon Esmeralda" ("Rəqs et, mənim Esmeraldam") kimi məşhur musiqi nömrələrini eşidəcəklər. Müziklin Almatıda da göstəriləcəyi planlaşdırılır. 
   "Notr-Dam dö Pari" müziklinin baş prodüseri Nikolya Talar deyir: “Tamaşa 1998-ci ildəki orijinal quruluşa maksimal yaxınlaşdırılıb. Fransa və Kanadadan olan rejissor və xoreoqraflar yerli artistlər ilə çalışmaq üçün Astanaya gələcəklər”. 
   
   G.Mirməmməd