Tarixdən səhifələr...
   
   Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Azərbaycan Milli Kitabxanasına təşəkkür edirik.
   
   45 il əvvəl...
   
   Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin açılışı
   
   Azərbaycan xalqının qəhrəman oğlunun doğma şəhəri Bakıda, Bakıxanov küçəsi ilə Tbilisi prospektinin kəsişdiyi yerdə salınmış bağçada onun abidəsi ucaldılmışdır. Mayın 9-da Hitler Almaniyası üzərində sovet xalqının böyük qələbəsinin 28-ci ildönümü günündə abidənin təntənəli açılışı oldu. SSRİ və Azərbaycan SSR dövlət himnlərinin melodiyaları əzəmətlə səsləndi. 
   Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev yoldaşa söz verildi. Əliyev yoldaş dedi: Bu gün ölkəmiz Vətən müharibəsində özünün böyük qələbəsinin 28-ci ildönümünü bayram edir... Azərbaycan xalqının igid oğlu, adı dillər əzbəri olan partizan-kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıda ucaldılmış abidəsi Vətənimizi qorumaq üçün canından keçmiş qəhrəmanlara ümumxalq hörmət və məhəbbətinin parlaq ifadəsidir. Azərbaycanın qəhrəman oğlunun xatirəsinin sovet adamları ilə bərabər Yuqoslaviya və İtaliya xalqlarının da yad etməsi bizləri sevindirir. Qəhrəmanın məzarı doğma torpaqdan çox-çox uzaqlardadır. Lakin partizanın döyüş yoldaşları hər il, Mehdinin həlak olmasının ildönümü günündə onun məzarı üstünə çiçək dəstələri qoyurlar. Onlar Mehdi Hüseynzadənin əziz xatirəsi önündə baş əyməklə bütün sovet xalqlarına ehtiramlarını bildirirlər... 
   Mitinq qurtardı. Mehdi Hüseynzadənin Azərbaycan SSR xalq rəssamı Fuad Əbdürrəhmanov tərəfindən yaradılmış, arxitektura tərtibatı SSRİ xalq arxitektoru Mikayıl Hüseynov tərəfindən verilmiş abidəsinin yanına əklil və çiçəklər qoyuldu... 
    
   Yazıçılara mükafat
   
   “Uzaq sahillərdə” romanında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazını dərindən əks etdirdiklərinə və Böyük Vətən müharibəsi illərində sovet xalqının döyüş ənənələrini təbliğ etdiklərinə görə yazıçı İmran Qasımov və Həsən Seyidbəyliyə Azərbaycan Lenin komsomolu mükafatı verilmişdir. 
   
   “Ədəbiyyat və incəsənət” qəzeti, 
   12 may 1973-cü il